"Ölkədə ailə qadın və uşaq siyasəti çox uğurla həyata keçirilir". Bu sözləri SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova dövlət başçısının 10 illik fəaliyyəti ilə bağlı danışarkən deyib. O bildirib ki, 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.Onun sözlərinə görə, uğurlu siyasəti davam etdirən Prezident İlham Əliyevin 2006-cı ildən imzaladığı Fərmana əsasən həmin komitənin bazası əsasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılıb: "Bu addım çox mühüm idi. Azərbaycan qadını ailəsinə bağlıdır və bu siyasət çox incə aparılmalıdır. Azərbaycanda ailə siyasətinin formalaşması, yenilənməsi çox vacib bir məsələ idi. Komitə yarandıqdan sonra bu istiqamətdə işlər uğurla həyata keçirilməyə başladı. Ölkə başçısının 10 illik fəaliyyəti dövründə bu sahə ilə bağlı bir sıra qanunlar qəbul olunub, sərəncamlar verilib. Bunlardan Gender məsələləri üzrə iki qanununun qəbul edilməsi, Ailə və Cinayət Məcəllələrinə edilən dəyişikliyi xüsusi qeyd etmək olar. Bu gün də bu istiqamətdə bir sıra işlər görülür. Ailə üçün ən vacib məsələ onların sosial rifanın yüksəldilməsidir ki, bu istiqamətdə də mühüm addımlar atılıb. Ölkə başçısı yoxsulluğun azaldılması, regionların inkişafı ilə bağlı dövlət proqamı qəbul edib. Bu gün Bakı ilə rayon mərkəzləri arasında heç bir fərq görünmür. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Bütün bunlara əsasən, hər birimiz 9 oktyabrda öz seçimimizi edərək Prezident İlham Əliyevə səs verəcəyik".
sia.az