Oktyabrın 23-dən 26-dək Bakıda "Xəzər inşaat həftəsi" keçiriləcəkdir.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, eləcə də xarici meydançanı və ümumi zalı əhatə edən "Xəzər inşaat həftəsi" üç böyük sərgini -"BakuBuild", "Aqua-Therm Baku" və "CIPS Caspian" sərgilərini özündə birləşdirir.
Builki "Xəzər inşaat həftəsi"ndə dünyanın 29 ölkəsindən 450-dən artıq şirkət iştirak edəcəkdir. Sərgiyə yaxşı hazırlaşmış iştirakçılar Bakıda öz sektorları üzrə ən son təmayülləri təqdim edəcəklər.
"BakuBuild-2013" XIX Azərbaycan Beynəlxalq inşaat sərgisində müasir və qabaqcıl inşaat texnologiyaları, geniş çeşiddə tikinti materialları, santexnika avadanlığı, habelə yeni döşəmə örtükləri, tikinti texnikası, uşaq meydançaları, idman ləvazimatları, trenajorlar və digər məhsullar təqdim ediləcəkdir. Yeni sektorlar arasında şəhər dekorasiyası üçün işıqlandırma və səs avadanlığı bölümü də yer alır.
Builki sərgidə ağır sənaye sahəsi, xüsusilə Azərbaycan, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) metallurgiya zavodları geniş şəkildə təmsil olunacaqdır. Son illər isə bu sərginin səciyyəvi cəhəti də formalaşmışdır. Şirkətlər təmsil etdikləri ölkələrin ticarət-sənaye palataları və dövlət orqanlarının fəal iştirakı ilə təşkil olunan böyük milli qruplar şəklində çıxış edirlər. Bu baxımdan builki sərgi də istisna deyildir. Bu il milli qruplar, həmçinin Bakı Ekspo Mərkəzinin böyük zalında da yerləşəcəklər. Onların arasında sərginin daimi iştirakçıları - Almaniya, Yunanıstan, İtaliya, İran, Portuqaliya və Finlandiya kimi ölkələrin milli qrupları yer alır. BƏƏ-nin milli qrupu isə bu il debüt edəcəkdir. Sevindirici haldır ki, yerli iştirakçıların da sayı artmışdır və ümumi sərgi meydançasının 38 faizini təşkil edir. Bundan başqa, bir sıra daimi iştirakçılar yeni formatda iştirak etmək qərarına gəlmişlər. Bu il sərginin "Qızıl sponsor"u qismində "Norm" şirkəti çıxış edir. Digər sponsorlar arasında "Holcim Azerbaijan" və "Emirates steel" (BƏƏ) şirkətləri yer alırlar.
Elə həmin müddətdə "Aqua-Therm Baku-2013" V yubiley Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji sərgisi də keçiriləcəkdir. Sərgi ekspozisiyasına istilik sistemləri, izolyasiya materialları, ventilyasiya sistemləri, havapaylayıcı qurğular və bir sıra digər məhsullar daxildir. Bu il "Aqua-Therm Baku" sərgisi öz meydançasında Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Fransa və digər ölkələrdən 70-dən çox şirkəti bir araya gətirəcəkdir.
"Aqua-Therm Baku" sərgisi Bakı Ekspo Mərkəzinin ikinci və dördüncü zallarında keçiriləcək və həm sərgi sahəsinin genişliyi, həm də zəngin ekspozisiya baxımından fərqlənəcəkdir.
"CIPS Caspian 2013" VI Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri" sərgisi də oktyabrın 23-dən 26-dək davam edəcəkdir. Sərgi potensial istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksək səviyyəli intellektual mühafizə vasitələri sahəsində ən son təkmilləşdirmələri təqdim edən istehsalçı, diler və xarici şirkətlərin nümayəndələrini bir araya gətirəcəkdir. Bu ilki sərginin iştirakçıları arasında təhlükəsizlik sistemləri, siqnalizasiya, CCTV, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi sistemləri və yanğından mühafizə siqnalizasiyası kimi məhsulların istehsalçıları vardır. Sərgiləri ziyarət etmək istəyənlər metronun N.Nərimanov stansiyası - Bakı Ekspo Mərkəzi marşrutu üzrə hərəkət edən avtobusların xidmətlərindən ödənişsiz istifadə edə bilərlər.
"Iteca Caspian" şirkəti və onun tərəfdaşı Böyük Britaniyanın "ITE Group plc" şirkəti "BakuBuild" sərgisinin təşkilatçıları qismində çıxış edirlər. "BakuBuild" sərgisinə İqtisadi İnkişaf Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstək verilir.
yap.org.az