"Yeni Azərbaycan Partiyasını (YAP) ölkənin siyasi partiyalar sistemində alternativsiz edən, bu partiyanın qurucusunun Ulu öndər Heydər Əliyev olması və partiyanın hazırkı sədrinin də Prezident İlham Əliyev olmasıdır. Çünki tarixi ənənə və modern siyasi konsepsiyalarda lider faktoru hər hansı bir siyasi təşkilatlanmada ən aparıcı komponentlərdən biri kimi göstərilir". SİA-nın məlumatına görə, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, istər partiya üzvləri, istərsə də Azərbaycan xalqının nümayəndələri bu partiyanın 20 illik fəaliyyətində bütün hallarda pozitiv, rasional və düşünülmüş siyasət görüblər: "Tam mübaliğəsiz deyə bilərik ki, əgər son 10 ilə qədər Azərbaycan cəmiyyətində hüquqi dövlətin qurulması, balanslaşdırılmış xarici siyasət strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın sosial dövlət kimi təşəkkül etməsi və s. YAP və onun qurucusu olan Heydər Əliyevin 10 illik fəaliyyəti ilə bağlı idisə, hazırda ölkəmizin inkişafı, qüdrətlənməsi, postmodern cəmiyyətə çevrilməsi və sairə isə YAP-ın sədri cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Əgər bu partiyanın fəaliyyətini iki dövrə bölüb qiymətləndirməyə çalışsaq və bunun üçün ən tənqidi kriteriyalar müəyyənləşdirsək belə, əldə olunan nəticə hər bir azərbaycanlı üçün dərk olunan və aydın görünəndir, eyni zamanda, pozitiv və rasionaldır. Ona görə də Azərbaycan cəmiyyətində YAP və onun namizədi ilə müqayisə olunacaq nə ikinci bir siyasi partiya, nə də ikinci bir siyasi lider var. Məhz bu açıq fərq 2013-cü il prezident seçkilərinin nəticəsini müəyyənləşdirən əsas faktor olacaq".
sia.az