Masallıda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində rayonun Qızılağac, Kalinovka və Çaxırlı kəndlərində seçicilərlə görüş keçirilib. YAP Masallı rayon təşkilatı tərəfindən keçirilən görüşdə millət vəkilləri Nəriman Əliyev və Elmira Axundova iştirak ediblər. Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, qarşıdan gələn 9 oktyabr seçkiləri xalqımız üçün əsl bayram əhval-ruhiyyəsi yaradır: "Çünki cənab prezidentin ölkədə apardığı abadlıq quruculuq işləri, təhsilə, səhiyyəyə, mədəniyyətə, orduya, və digər sahələrə ayırdığı diqqət hər kəsin gözü qarşısındadır. Bütün bunları nəzərə alıb, hər kəsi bu dəfəki seçkilərdə də YAP-ın namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırıram".Millət vəkili Elmira Axundova öz çıxışında gənc seçicilərə müraciət edərək, onlara İlham Əliyevin avtobioqrafiyası, siyasi yüksəlişi haqqında geniş məlumat verib: "Ümummilli lider Heydər Əliyev məktəbi keçən İlham Əliyev hazırkı yerinə heç də asan yolla gəlməyib. Hazırda onun rəhbərliyi altında ölkəmizin sakinləri və bura gələn qonaqlar rahat, demokratik, firavan şəkildə yaşayırlar. Bu uğurları davam etdirmək üçün sizləri sabahımızın qarantı İlham Əliyevə səs verməyə çağırıram".Daha sonra Millət vəkili Nəriman Əliyev qeyd edib ki, İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib. "Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. İnanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcək".Tədbir iştirakçılarından kənd ağsaqqalları Fərhad Abbasov, Qulu Məmmədov, Əlisa Qədiyev, Oruc Qurbanov, Şəkur Bağırov və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açıb, YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.
sia.az