PDF Oxu

Siyasət

  • 13

Heydər Əliyev: "Müstəqilliyimiz əbədidir"

Heydər Əliyev: "Müstəqilliyimiz əbədidir"

İlham Əliyev: "Azərbaycan dünya miqyasında zəngin ölkələrin arasında olacaqdır.... Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram"

Corc Buş: "Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm"

Jak Şirak: "...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir"

Məlum olduğu kimi Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlamaq məqsədi ilə 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Konstitusiya Komissiyası yaradılmışdı. 1995-ci il noyabrın 12-də isə ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Bu gün Konstitusiya ilə bağlı çoxlu yazılar yazılıb və fikirlər deyilib. Mən qəti şəkildə deyim ki, Konstitusiya vasitəsilə Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir irs qoyub getmişdir ki, bundan sonra heç bir siyasi qüvvə, heç bir ekstremist dini qrup və ya radikal dini cərəyan Azərbaycan dövlətinin konstitusion əsaslarını sarsıda bilməz və dünyəvi, demokratik, hüquqi Azərbaycan dövlətinin fundamental əsaslarını dəyişdirə bilməz. Müxtəlif illərdə bu istiqamətdə bəzi cəhdlər olmuşdur, lakin onların qarşısı qətiyyətlə alınmışdır. Azərbaycan Konstitusiyasını oxuyub araşdıran hər hansı bir "qüvvə" anlaya bilər ki, demokratik, hüquqi-dünyəvi Azərbaycanı dəyişdirmək qeyri-mümkündür. Bu Azərbaycanın əbədi kursudur. Nə qədər ki, dünya mövcuddur, Azərbaycan da mövcud olacaqdır. Bu kursu dönməz edən, onun təməlini qoyan məhz Heydər Əliyevdir. Bu, fikri aydınlaşdırmaq üçün sadəcə Konstitusiyaya nəzər yetirmək kifayətdir. Mən deyərdim ki, Heydər Əliyev Konstitusiyanın 155-ci maddəsi ilə müstəqil Azərbaycanın əbədi müdafiəsini təmin etmişdir. Ona görə də, Heydər Əliyev müasir Azərbaycanın banisi sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 155-ci maddəsinə görə "bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Gəlin yuxarıda göstərdiyim bu maddənin mahiyyətini araşdıraq. Həmin maddədə göstərildiyi kimi, Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olması barədə Konstitusiyanın 7-ci addəsini heç bir formada dəyişdirmək olmaz - nə konstitusiya qanunu, nə referendum vasitəsilə dövlətimizin əsaslarını dəyişdirmək olmaz. Hətta güc vasitəsilə də bunu etmək mümkün deyildir. Daha açıq desək, bundan sonra referendum vasitəsilə də Azərbaycan dövlətinin əsaslarını dəyişdirmək mümkün deyil. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Bu Konstitusiya ilə Heydər Əliyev Azərbaycanda uzunmüddətli siyasi sabitliyin möhkəm əsasını qoymuş oldu. Məhz bu baxımdan Ümummilli Liderin Azərbaycan xalqının qəlbində sarsılmaz yeri var. Bu yaxınlarda bir sıra inkişaf etmiş dünya ölkələrinin konstitusiyalarının müqayisəli təhlili zamanı müəyyən etdim ki, hətta həmin ölkələrin konstitusiyalarında belə bir müddəa yoxdur. Ulu Öndər Heydər Əliyevin söylədiyi hər bir siyasi bəyanat dərin hüquqi əsaslara, uzaqgörən siyasi düşüncəyə, strateji məqsədlərə və hədəflərə söykənirdi. Əlbəttə, biz radio və televiziya ekranları vasitəsilə onun çıxışlarını dinləyəndə, bəlkə də, detalların fərqinə varmırdıq. Lakin uzun illər keçəndən sonra mən Heydər Əliyevin bu qədər arxayın, bu qədər cəsarətli çıxışlarının mahiyyətini, səbəbini özüm üçün araşdırmaq qərarına gəldim. Konstitusiyanı vərəqləyərkən, yuxarıda qeyd etdiyim maddələr, xüsusən də, 155-ci maddə diqqətimi çəkdi və məni dərin fikirlərə qərq etdi. Ondan sonra mən Heydər Əliyevin fikirlərinə xüsusi diqqətlə yanaşmağa başladım. Fransanın o zamankı Prezidenti Jak Şirak Heydər Əliyev haqqında belə söyləmişdi: "...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir." ABŞ-ın Prezidenti Corc Buş isə Ulu Öndər Heydər Əliyevi belə xarakterizə etmişdir: "Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm." Biz azərbaycanlılar qürur duymalıyıq ki, dünya liderləri Azərbaycan oğlu Heydər Əliyev haqqında bu cür fikirlər söyləyiblər. Əslində bu fikirlər Heydər Əliyev şəxsində eyni zamanda Azərbaycan xalqına verilən yüksək dəyər və hörmətdən xəbər verir. Bu gün eyni dəsti-xətti mən Prezident İlham Əliyevdə də görürəm. İlham Əliyevin xarici siyasətdə inamla atdığı addımlar öz bəhrəsini verib və verməkdədir.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti dünya birliyində dövlətimizin mövqelərinin daha da möhkəmlənməsini təmin edir. Uzun illər idi ki, xarici siyasətdə yalnız Avroatlantik strukturlara diqqət yönəlmişdi. Lakin Dağlıq Qarabağ münaqişəsinin siyasi və ya hərbi yolla həllinin hüquqi bazasını yaratmaq üçün yalnız Avroatlantik strukturlar və həmin strukturlarda birləşən ölkələrin dəstəyi kifayət etməzdi və buna görə də siyasi coğrafiyanı daha da genişləndirmək və Latın Amerikası ölkələrinin dəstəyini qazanmaq olduqca vacib idi. Prezident İlham Əliyev buna nail oldu. Qısa müddət ərzində Latın Amerikası ölkələrində Azərbaycanın səfirliklərini təsis etdi və bu gün artıq Panama, Kolumbiya, Meksika, Peru kimi Latın Amerikası ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə nəticəsində baş vermiş Xocalı soyqırımı ilə bağlı çox dolğun sənəd qəbul edərək beynəlxalq aləmdə Azərbaycanın haqq işinə siyasi və hüquqi dəstəyi təmin ediblər. Prezidentimizin dediyi kimi, "Biz ənənəvi, regional tərəfdaşlıqdan yeni bölgələrə, yeni qitələrə çıxırıq - Afrika, Latın Amerikası ölkələri ilə daha da sıx əməkdaşlıq qururuq. İlham Əliyevin dediyi bu fikirlər yuxarıda qeyd etdiyim və bu gün reallaşan siyasətin ifadəsi idi. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Tarixdə ilk dəfə olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir və tək elə bu faktın özü xarici siyasət sahəsində hansı yolu keçdiyimizi əyani şəkildə nümayiş etdirir. BMT-də səsvermə zamanı dünyanın 155 ölkəsi Azərbaycana etimad göstərmişdir. Dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü, açıq, xoşməramlı xarici siyasət nəticəsində Azərbaycan bu gün dünya birliyində etimad qazanaraq layiq olduğu yeri tutmuşdur. Mən hələ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı roldan danışmıram. Bu gün bu sahədə Azərbaycan Avropanın etibarlı tərəfdaşı olduğunu dəfələrlə əməldə sübut etmişdir. Yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, eyni zamanda vacib tranzit ölkəsi kimi nəinki regionda, eləcə də beynəlxalq arenada əhəmiyyətli oyunçu olaraq imkanlarımız getdikcə artır.

Cari ilin iyun ayında cənab İlham Əliyev Belçikaya səfəri zamanı Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozo ilə görüşmüş və mətbuat konfransında Xoze Manuel Barrozo aşağıdakıları qeyd etmişdir: "Hər ikimiz 2011-ci ildə birgə bəyanatın imzalanmasından keçən dövrdə "Cənub" qaz dəhlizinə dair əldə olunmuş inkişafdan çox məmnunuq. Biz hər ikimiz həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bu layihənin reallaşması istiqamətində səylə çalışmışıq. Mən fəxr edirəm ki, Prezident Əliyevlə imzaladığımız həmin o bəyannamə bütün bu inkişafın əsasında durur." Bu gün dünya ölkələrinin liderləri İlham Əliyev haqqında çox müsbət danışırlar:

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev İlham Əliyev barədə belə demişdir: "Sizin yorulmaz əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır."

Özbəkistan prezidenti İslam Kərimov: "Bizim əyani şəkildə görüb yəqin etdiyimiz bu uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır."

Qırğızstan Respublikasının prezidenti Almazbek Atambayev: "Siz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir."

Belarusun populyar qəzetlərində, xüsusilə də "Respublika" və "7 dney" qəzetlərində Prezident İlham Əliyev haqqında dərc edilmiş məqalələrdə yazılıb ki, İlham Əliyev həmişə sözünün üstündə durur, elə buna görə də xalq Onu çox sevir. Prezidentin təşəbbüsü ilə ölkədə işsizliyin azaldılmasına, yoxsulluqla mübarizəyə, regionların inkişafına dair irimiqyaslı layihələr həyata keçirilir. Filippində nəşr olunan BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan etmişdir. Jurnalın ötən buraxılışlarının birində "İlham Əliyev: İlin adamı", "Əliyev erası: Azərbaycanın qızıl dövrü" kimi məqalələr yer alıb. Bu gün Azərbaycanda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevdir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının lideridir. Bir lider olaraq İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Sonda İlham Əliyevin Azərbaycanla bağlı açıqladığı məqsədini bir daha oxucuların diqqətinə çatdırmaq istərdim: O deyib ki, "Mənim bir məqsədim, bir amalım var - Güclü Azərbaycan dövləti." Belə bir dövlət bu gün hamımıza lazımdır. Nəyə görə bizim ABŞ, Rusiya, İsrail kimi güclü dövlətimiz olmasın. Gəlin belə bir güclü dövləti quran şəxsin ətrafında sıx birləşək. Beynəlxalq müstəvidə Azərbaycanın uğurları, şübhəsiz ki, ölkə rəhbərinin ölkə daxilində apardığı uğurlu siyasətlə bağlıdır. Bunlar bir-birini tamamlayır və vəhdət şəklində bir balans yaradır. Mən "İlham Əliyev və Azərbaycanın uğurları" mövzusunda istənilən şəxslə, siyasi qüvvə ilə açıq debata hazıram.

Rahim Axundov,

Beynəlxalq münasibətlər üzrə siyasi analitik

Dövlət qulluğunun Baş müşaviri

Digər xəbərlər