Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev son bir neçə gündə bir sıra əlamətdar açılışlarda iştirak etmiş və hərtərəfli şəkildə iqtisadi və strateji siyasətlə bağlı analitik fikirlər söyləmişdir. Bu qısa məqalə çərçivəsində möhtərəm dövlət başçımız İlham Əliyevin fikirlərini bəzi aspektlərdən təhlil etməyə çalışacam.
İlkin olaraq onu qeyd etməliyəm ki, Cənab İlham Əliyevin "qızıl onillik" adlandırılan hakimiyyəti dövründə Azərbaycan yüksək sürətlə inkişaf etmişdir. Əlbəttə ki, bu inkişafın əsaslarını Ümummilli Lider Heydər Əliyevin siyasi kursu təşkil edir. Məhz Cənab İlham Əliyev də bu strateji xətti uğurla icra edərək qlobal ölçüdə iqtisadi və siyasi nailiyyətlər əldə edir. Xüsusilə Azərbaycanda iqtisadi siyasət sahəsində bu çoxşaxəlilik prinsipinə istinad edilərək həyata keçirilir. İqtisadiyyatın və sosial rifahın inkişafı sahələrində Cənab İlham Əliyev möcüzə adlandırıla biləcək reallaşmış layihələrə imza atır. Məhz sentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su-Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı yuxarıda qeyd etdiyimiz fikirlərin son arqumentlərindən biridir. Burada vurğulanması vacib olan məqamlardan biri də odur ki, Cənab Prezident tarixi rakursdan bu açılışı qiymətləndirərək Azərbaycan üçün belə layihələri həyata keçirməyin gələcək üçün son dərəcə əhəmiyyət daşımasını ifadə etmişdir. Məhz bu kontekstdə möhtərəm dövlət başçımız enerji təhlükəsizliyimizin reallığını da qeyd etmişdir: "Beləliklə, bu böyük layihəni icra edərkən biz bununla bərabər enerji təhlükəsizliyimizi daha da böyük həcmdə təmin edəcəyik. Sadəcə, onu demək kifayətdir ki, biz bu stansiyanın gücü ilə bütün şimal zonasını ucuz elektrik enerjisi ilə təmin edə bilərik. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl "Şahdağ" elektrik stansiyası tikilmişdir, bu bölgənin gələcək inkişafı ilə bağlı daim güclü enerji təminatı da olacaqdır...Yəni, bu layihələr tarixi layihələrdir. Bu layihələr bundan sonra əbədiyyətə qədər Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət göstərəcəkdir. Biz Azərbaycan xəritəsində yeni süni göllərin yaradılmasına nail ola bilmişik. Taxtakörpü gölünün uzunluğu təxminən 9 kilometrdir. Bu, Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkün olan hadisələrdir. Bu, bir möcüzədir. Beləliklə, bu layihələrin icrası nəticəsində biz bir neçə əsas məqsədi güdürük. İlk növbədə, Azərbaycanda müasir, ən yüksək standartlara cavab verən yeni infrastruktur yaradılır. Azərbaycan alternativ enerji mənbələrinin yaradılması istiqamətində çox ciddi addım atır. Bir neçə il bundan əvvəl mənim göstərişimlə Azərbaycanın bütün potensial su mənbələri aşkarlanmışdır. Onların xəritəsi tərtib edilmişdir. Bu elektrik stansiyasının yaradılması da, bax, o prosesin tərkib hissəsidir. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradılır. Çünki suvarılan torpaqları fermerlər, sahibkarlar əkəcəklər, becərəcəklər və beləliklə, ölkəmizin ərzaq təhlükəsizliyi tam şəkildə təmin ediləcəkdir".
Bu açılışda Cənab Prezident daha iki önəmli məsələyə toxunmuşdur. Bunlardan birincisi Azərbaycanın dövlət müstəqilliyidir. İkincisi isə neft-qaz resursları ilə yanaşı su resurslarının Azərbaycan üçün təmin edilməsi məsələsidir. Məhz Cənab İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafı üçün tətbiq etdiyi çoxşaxəlilik prinsipini bu iki fikrə istinad edərək də açıqlamaq mümkündür. Çünkü bu prinsip bütün sahələrə uğurla tətbiq olunmaqdadır. Belə ki, Cənab Prezident haqlı olaraq dövlət müstəqilliyimiz ilə iqtisadi və siyasi inkişafımız arasında dialektik əlaqə qurur. Bütün bu layihələrin uğurla həyata keçirilməsi Cənab Prezidentin ifadə etdiyi kimi "ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik bizi bu risklərdən sığortalayır" tezisində öz əksini tapır. Bu mənada müstəqilliyimiz sayəsində neft-qaz gəlirlərindən uğurlu şəkildə istifadə olunması, gələcək üçün su resurslarının təmin olunması və digər sahələrdəki nailiyyətlər bir daha yuxarıda qeyd olunan fikirləri təsdiqləyir.
Ədalət və dəyərlərin funksionallığı
Azərbaycanın bütün sahələrdə inkişafı üçün Cənab Prezidentin tətbiq etdiyi çoxşaxəlilik prinsipi eyni zamanda sosial dövlətin inkişafı və hüququn üstünlüyü prinsipləri ilə də müvafiqlik təşkil edir. Belə ki, möhtərəm dövlət başçımız vaxtaşırı olaraq bu sahələrdə ədalətli bölgü və hüququn üstünlüyü prinsipinin də tətbiq olunması üçün ciddi addınmlar atmaqdadır. Məhz sentyabrın 30-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı bunun əyani təsdiqidir. Cənab Prezident yüksək peşəkarlıqla cəmiyyətə və fərd kontekstində korrupsiyaya qarşı aparılacaq mübarizəni bu şəkildə qiymətləndirmişdir: " Hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya vardır. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə, əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır. Onların içində mən "elektron hökumət" sistemini xüsusilə qeyd etmək istəyirəm. Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir".
Cənab Prezidentin çıxışındakı son cümləsi - "Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir"- hal-hazırda sosiologiya , hüquq və sosial fəlsəfə sahələrində ciddi şəkildə müzakirə edilən mövzulardandır. Cənab Prezidentin tezis şəkilndə qeyd etdiyi bu fikir Azərbaycanda ədalətli şəkildə gəlirlərin bölüşdürülməsi, korrupsiyanın qarşısının alınması və sosial rifahın yaxşılaşdırılması üçün rəsmi bir xəbərdarlıq mahiyyəti də daşıyır.
Digər tərəfdən oktyabrın 1-də - Beynəlxalq Ahıllar Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak etməsi sosial dövlət və xalqımızın mənsub olduğu milli-mənəvi dəyrlərin mühafizəsi və funksionallığı baxımından da əlamətdar hadisələrdəndir. Belə ki, müsair dövrdə keçmiş ənənələrin qorunması və yaşadılması ciddi tendensiyalardan biridir. Məhz möhtrəm dövlət başçımız da bu istiqamətdə Azərbaycanda böyük işlər görməkdə və vaxtaşırı milli-mənəvi dəyərlərin mühafizə olunması üçün əməli tədbirlər görməkdədir. Bu mənada Cənab Prezidentin bu nitqi bir daha bunu təsdiqləyir: "Ümumiyyətlə, cəmiyyətimizin çox möhkəm dayaqları vardır və dövlətimizin də əsasları milli dəyərlərdən ibarətdir. Azərbaycan cəmiyyətində bütün dövrlərdə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət olubdur.
Biz bu ənənələri yaşatmalıyıq. Elə etməliyik ki, gənc nəsil də bu ruhda, milli ruhda böyüsün, milli dəyərlər əsasında öz həyatını qursun və sizdən nümunə götürsün. Siz Azərbaycan üçün, ölkəmiz üçün müxtəlif dövrlərdə böyük xidmətlər göstərmisiniz, işləmisiniz və bu gün ahıl yaşlarınızda dövlət tərəfindən təmin edilmisiniz. Bu pansionatın yenidən qurulması, bax belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır".
Nəticədə Cənab Prezident İlham Əliyevin iqtisadi sahədə təbiq etdiyi çoxşaxəlilik prinsipi özünü sosial sferada sosial ədalət və milli-mənəvi dəyərlərin mühafizə olunması və funksionallığı istiqamətlərində də uğurlu şəkildə göstərir.
Rəşad İlyasov,
fəlsəfə doktoru