Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri 9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. SİA-nın məlumatına görə, təbliğatın ilk mərhələsi başlanandan bu günə qədər gənclər üzərinə düşən missiyanı layiqincə yerinə yetiriblər.Bu gün artıq təbliğatın yekun mərhələsidir. İndiyədək YAP GB-nin Ofisi tərəfindən 1 milyon 800 mindən çox material şəhər sakinlərinə paylanılıb.Gənclər təbliğat materiallarını əsasən Bakı Metropoliteninin "Sahil", "İçəri şəhər" metrosunda, eləcə də "Bakı Bulvarı", "Sahil" və "Fəvvarələr meydanı"nda şəhər sakinlərinə təqdim ediblər.İnsanlara təqdim olunan hədiyyə paketlərində YAP-ın emblemi olan köynəklər, seçkiyə çağırışı özündə əks etdirən papaqlar, plakatlar, Azərbaycan Respublikasının dövlət bayrağı, üzərində hakim partiyanın loqosu əks olunan bayraq, eləcə də seçkilər haqqında məlumatverici bukletlər olub. Bütünlüklə Bakı şəhəri üzrə 250-yə yaxın gənc bu təbliğat işinə qoşulub.Bu arada, bu gün ADPU-nun pedaqogika və psixologiya fakültəsinin dekanı, dosent Şəhla Əliyeva və universitet tələbələrinin iştirakı ilə YAP GB-nin Ofisində "Gənclər İlhamla İrəli" videoçarxının təqdimatı olub. YAP GB Ofisinin rəhbəri Sərraf Hüseynovun verdiyi məlumata görə, təqdimat gənclərin 9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə dəstək olacağının əks etdirir: "Əsas məqsəd isə həmin videoçarxı sosial şəbəkələrdə, eləcə də video portallarında paylaşmaq, gəncliyin səsini qazanmaq və hakim partiyanın namizədi cənab İlham Əliyevin növbəti 5 ildə də prezidentliyini təmin etməkdir".
sia.az