Oktyabrın 9-na təyin edilmiş prezident seçkilərinin, azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün addımlar atılmışdır.
Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu sözləri jurnalistlərə MSK sədri Məzahir Pənahov demişdir.
M.Pənahov bildirmişdir ki, seçki bülletenləri artıq məntəqə seçki komissiyalarına təhvil verilmişdir və hüquq mühafizə orqanları tərəfindən qorunur. Seçkiləri müşahidə etmək üçün nüfuzlu beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin seçkiləri müşahidə missiyaları artıq Bakıdadırlar, 300-ə qədər qısamüddətli beynəlxalq müşahidəçi Azərbaycanda seçkiqabağı vəziyyətlə tanış olur. Missiyaların nümayəndələri bizimlə görüşlərdə bildirirlər ki, Azərbaycanda seçkilərin azad, ədalətli və demokratik şəraitdə keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
MSK sədri onu da vurğulamışdır ki, vətəndaşların seçkilərdə konstitusion hüquqlarının qorunması üçün bütün təşkilati məsələlər öz həllini tapmışdır. Məntəqə seçki komissiyaları seçki prosesinə tam hazırlıq vəziyyətinə gətirilmiş, 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar keyfiyyət baxımından ən müasir standartlara uyğunlaşdırılmışdır. Seçkilər günü istənilən şəxs onlayn rejimdə MSK-nın veb-saytından həmin məntəqələrdə seçki prosesini əvvəldən axıradək izləyə bilər.
MSK sədri səsvermə hüququ olan bütün vətəndaşları seçki prosesində fəal olmağa çağırmışdır.
AzərTAc