PDF Oxu

Siyasət

  • 21

Azərbaycan və Türkiyənin elm və təhsil sahəsində əməkdaşlığı (1993-2002-ci illər)

Azərbaycan və Türkiyənin elm və təhsil sahəsində əməkdaşlığı (1993-2002-ci illər)

Türkiyə və Azərbaycan Respublikalarının mədəniyyət nazirləri arasında 1993-cü il fəaliyyət proqrami ilə bağlı 2 dekabr 1992-ci ildə Bakıda imzalanmış razılıq sənədi mədəni əlaqələrimiz üçün daha geniş imkanlar açdı. Bu sənəddə göstərilir ki, ikili mədəni əlaqələrin daha da inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə, Türkiyə və Azərbaycan Cümhuriyyətləri kültür bakanlıqları arasında aşağıdakı xüsuslarda razılığa gəlinmişdir: Tərəflər, ölkələrində qarşılıqlı olaraq mədəniyyət mərkəzləri açılması mövzusunda çalışmalarını gücləndirəcəklər və bu mərkəzlərin ən qısa müddətdə açılmasına səy göstərəcəklər. Tərəflər, kültür və sənət sahəsində, həm ikili, həm beynəlxalq fəaliyyətlərdə olmağı və bu xüsusda 1993-cü il içində aşağıdakı fəaliyyətləri gerçəkləşdirməyi nəzərdə tuturlar."Beynəlxalq mədəni əlaqləri" kitabında göstərilir ki, 1991-1995-ci illərdə geniş miqyas alan Azərbaycan - Türkiyə mədəni əlaqələri sahəsindəki əməkdaşlıq nəticəsində Azərbaycan Elmlər Akademiyasına 15 elmi institutu Türkiyənin müxtəlif universitetləri ilə elmi əməkdaşlıq haqqında ikitərəfli elmi-texniki müqavilə və protokol imzalamışdır.

İki ölkə arasında 1994-cü il 9 fevralda imzalanmış sazişə və protokola, həmçinin, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 13 aprel 1994-cü il tarixli 9 saylı qərarına əsasən fotoelktronika İnstitutu ilə Türkiyənin Bilimsəl və Texniki Araşdırmalar Kurumu (TUBİTAK) - Mərmərə Araşdırma Mərkəzi arasında elmi əməkdaşlıq haqqında razılıq əldə edilmişdir. Azərbaycan-Türkiyə elmi müəssisələri arasında yaradılan əməkdaşlıq təcrübəsini - müştərək laboratoriyanın təşkilini də qeyd etmək zəruridir. Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu Egey Universitetinin Mühəndis fakültəsi ilə təbii və sintetik seolitlərin öyrənilməsi və utilizasiyası sahəsində birgə tədqiqatlar aparırlar.

1991-ci ildən başlayaraq, Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu Türkiyənin Ərzurum Atatürk Universiteti ilə birlikdə seysmoloji və zəlzələlərin proqnozlaşdırılması sahəsində əməkdaşlıq edir. 1995-ci ildən etibarən isə Türkiyənin TUBİTAK - Mərmərə Araşdırma Mərkəzi Kosmik Texnologiya Bölümü ilə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə tədqiqat işlərinin aparılması üçün hazırlıq işlərinə başlanması razılığı əldə edilmişdir.

1995-ci ilə olan məlumata görə, Türkiyənin müxtəlif universitetlərində 50 nəfərdən artıq Azərbaycan EA-nın elmi işçiləri, o cümlədən, elmlər namizədləri və doktorları İstanbul, Ankara, Ərzurum, Trabzon, Konya və bir sıra başqa ali məktəblərdə elmi-pedaqoji fəaliyyət göstərmişlər. Ümumiyyətlə, 1991-1995-ci illərdə Azərbaycan alimlərindən 360 nəfəri Türkiyəyə ezam olunmuşdur.

Elmi əlaqələrin formalarından biri də elmi əsərlərin çap etdirilməsidir ki, bu sahədə də Azərbaycan - Türkiyə elmi-mədəni əlaqələri təqdir edilməlidir. Elmi əməkdaşlığının daha bir istiqaməti isə elmi məlumatların mübadiləsidir və bu sahədə də əlaqələrimizin inkişafı üçün ciddi işlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev elmi- mədəni əlaqələrin bütün sahələrinə daima ciddi fikir vermiş, bu sahə adamlarının fəaliyyətlərinə və əməyinə yüksək qayğı ilə yanaşmışdır. Bir neçə misallarla fikrimizi əsaslandırmağa çalışaq: 2000-ci ilin 11 aprelində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Samanyolu" telekanalının Qafqaz və Orta Asiya üzrə səlahiyyətli nümayəndəsi Naci Tosun və bu TV-nin Azərbaycan təmsilçisi Tahir Karanfilin "Çağ" Ö.İ.MMM-in prezidenti Adem Öcal və "Zaman-Azərbaycan" qəzetinin baş redaktoru Ersin Dəmirçidən ibarət nümayəndə heyətini qəbul etmişdir. "Çağ" Ö.İ.MMM-in prezidenti Adem Öcal rəhbərlik etdiyi Azərbaycan - Türkiyə özəl litseylərinin bu ölkədə gördükləri işlər haqda Heydər Əliyevə məlumat verdikdən sonra Qubadakı özəl litseyin yeni binasının tikintisinin başa çatdığını bildirmişdir. "Çağ" MMM-in prezidenti Azərbaycanda fəaliyyət göstərdikləri 7 il ərzində qazandıqları nailiyyətlər və builki respublika fənn olimpiadalarında 27 birinci yerdən 18-ni bu litseylərin şagirdlərinin tutması haqda ölkə rəhbərinə geniş məlumat vermiş və Heydər Əliyevə özəl türk litseylərinin "Fəxri Baş Müəllimi" diplomunu təqdim etmişdir. Bakıda fəaliyyət göstərən özəl türk litseylərindən birinə "Dədə Qorqud" adının verilməsi təklifini razılıqla qarşılayan Azərbaycan Prezidenti "Çağ" MMM-in Azərbaycanda açdığı təhsil ocaqlarının fəaliyyətindən məmnun olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan - Türkiyə elmi-mədəni əlaqələri sahəsində göstərdiyi xidmətlər Türkiyə rəsmiləri, elm, təhsil və mədəniyyət xadimləri, eləcə də, türk xalqı tərəfindən daima yüksək dəyərləndirilmişdir. Türk Dünyası Yazıçılarının 6 noyabr 1996-cı ildə keçirilmiş III Qurultayında Azərbaycan Prezidenti Heydər Əliyev bildirmişdir ki, türkdilli xalqlar qədim, çoxəsrlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə rastlaşmışdır. Ancaq xalqlarımızın dərin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmış və bugünkü günlərə gətirib çatdırmışdır. Biz öz tarixi, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik.

Azərbaycan - Türkiyə mədəni əlaqələrinin təşəkkül tapdığı illərdən bəhs edərkən qeyd etmək lazımdır ki, təkcə 1990-cı ildə Türkiyə Respublikasına Azərbaycanın sosial-iqtisadi, siyasi və ədəbi-mədəni həyatını əks etdirən 27 min nüsxə kitab və kitabça, 14 adda 58 min nüsxə qəzet və jurnal göndərildi. Türkiyədən isə 12 min nüsxə kitab, min nüsxələrlə qəzet və jurnal gətirildi. Azərbaycan - Türkiyə elmi əlaqələri sistemində elmin müxtəlif sahələri üzrə elmi əsərlərin, kitabların və məqalələrin qarşılıqlı istifadə olunması mühüm yer tuturdu. Azərbaycan - Türkiyə elmi əlaqələrinin inkişafına və möhkəmlənməsinə qarşılıqlı kitab, jurnal və qəzet mübadilasi mühüm təsir göstərdi. Bu sahədə respublika EA Əsaslı Kitabxanasının, M.F.Axundov adına Respublika Mərkəzi Kitabxanasının və Azərbaycanın digər iri kitabxanalarının xidməti xüsusilə böyük olmuşdur. Türkiyə ilə Azərbaycan alimləri, elm və mədəniyyət xadimləri təcrübə keçmək, elmi və başqa nailiyyətlərlə tanış olmaq, fikir mübadiləsi aparmaq üçün qarşılıqlı səfərlər də edirdilər.

Azərbaycan - Türkiyə mədəni əlaqələrinin inkişafı ilə əlaqədar Türkiyə türkcəsi və Azərbaycan Türkcəsinin qarşılıqlı öyrənilməsi zərurət kimi qarşıda durdu. Türkiyədə çıxan bir sıra qəzet və jurnallar, o cümlədən, "Tanıtım", "Yurd", "Türk dünyası", "Sizə", "Qardaş ədəbiyyatlar", "Türk kültürü" və s. kimi jurnallar, "Zaman", "Tarla" qəzetləri də öz səhifələrində Azərbaycanın ədəbi- mədəni həyatına mühüm yer ayırdı.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir, Azərbaycan - Türkiyə mədəni əlaqələrinin inkişafında radio və televiziya jurnalistlərinin də bilavasitə böyük rolu olmuşdur. 1990-cı ildə Türkiyə televiziya şirkətləri ilə respublikamızın əlaqələrinin daha da genişlənməsi, 1991-ci ildən türk televiziyasının birbaşa translyasiyasının başlanması bu əlaqənin inkişafına yeni sürət tempi verdi. Azərbaycan teleradio şirkəti türk dilində verilişlərə xeyli yer ayırır və onun xüsusi şöbəsi fəaliyyət göstərir. 90-cı illərin əvvəllərindən Türkiyə teleradio şirkəti Azərbaycan verilişlərini artırdı. Bu illərdə Azərbaycanla Türkiyə arasında televiziya proqramlarının təşkil edilməsi və 120 telefon kanalının işə salınması qərara alındı. 1991-ci ilin iyulunda Ankara radiosunun işçiləri - ədəbi tənqidçi Sərvət Gürcan və musiqi redaktoru Kənan Özqan iki həftə Bakıda oldular, teleradio şirkətinin işçiləri ilə görüşüb fikir mübadiləsi apardılar, sıx əməkdaşlıq haqqında razılığa gəldilər və verilişlər üçün material topladılar.

Türk dövlətləri arasında çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində dövlət başçılarının artıq ənənəvi xarakter almış Zirvə toplantıları xüsusi yer tutur. Zirvə toplantıları türk dövlətlərinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik-hüquqi dövlətlər yaradılması, siyasi prinsiplərin bərqərar edilməsi sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində, türk dövlətləri və xalqları arasında əlaqələrin daha da möhkəmləndirilmasində özünəməxsus rol oynamışdır. Zirvə toplantıları türk xalqları arasında təşəkkül tapmış əlaqələrin və əməkdaşlığın tarixi, dil və mədəniyyət ümumiliyindən irəli gələn xüsusi amillərə müvafiq surətdə, müstəqillik, suverenlik, ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq və bərabərlik prinsipləri əsasında möhkəmləndirilməsinə xidmət edir. Zirvə toplantılarında türk dövlətləri arasında əlaqələrin və əməkdaşlığın vəziyyəti nəzərdən keçirilir, regional və beynəlxalq problemlər barəsində fikir mübadiləsi aparılır.

Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında isə 1992-ci ilin iyun ayında İstanbul şəhərində 6 ölkənin mədəniyyət nazirləri tərəfindən bünövrəsi qoyulan Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası (TÜRKSOY) mühüm rol oynamışdır. 1992-ci ilin dekabrında Bakı şəhərində bu təşkilata TURKSOY adı verilmişdir. TÜRKSOY-un Baş Direktorluğu 1993-cü ilin fevral ayından Ankarada fəaliyyət göstərir. TÜRKSOY-un Baş Direktorluğuna həmin illərdə Azərbaycan Respublikasının mədəniyyət naziri olmuş Polad Bülbüloğlu seçilmişdir. TURKSOY-un rəsmi dili Anadolu türkcəsidir. 1993-cü ilin iyulunda Almatı şəhərinda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə tərəfindən TÜRKSOY-un yaranması haqqında saziş imzalanmışdır. Türkiyə Respublikasının parlamenti və sazişə imza atan digər türkdilli dövlətlər TÜRKSOY-u rəsmi olaraq tanıdıqlarını elan etdilər. Sonralar Tatarıstan, Başqırdıstan, Şimali Kipr Türk Respublikası, Tuva və Xakasiya Daimi Şuraya daxil olmuşdur. Günü-gündən mədəni əlaqələrimiz də inkişaf etməkdə və genişlənməkdədir.

Ötən müddət ərzində TÜRKSOY-un xəttilə keçirilən çoxsaylı tədbirlərdə təşkilatın məqsəd və məramı daima diqqət mərkəzində olmuşdur. TURKSOY: Türk mədəniyyətinin ortaq dəyərlərini, insanların, ədəbi və fikri əsərlərini tanıtmaq məqsədilə də işlər görməkdədir. TURKSOY, 1993-cü il tarixində qurulmasına baxmayaraq, bu fəaliyyətlərini çox az bir büdcə ilə bacarmışdır. Bu nailiyyətdə qurucu cümhuriyyətlərin dövlət başçıları Süleyman Dəmirəlin, Heydər Əliyevin, Nursultan Nazarbayevin, İslam Kərimovun, Əsgər Akayevin, Sararmurad Türkmənbaşının və quruluşundan bu günə qədər Türksoyun başqanı Polad Bülbüloğlunun və TÜRKSOY işçilərinin səyləri böyük olmuşdur. TURKSOY tərəfindən 1999-cu ildə görülən işlərin yekunu olaraq, həmçinin, gələcəkdə qarşıda duran vəzifələri özündə əks etdirən "XXI əsrə müraciət" qəbul olundu. Ankarada keçirilən Nazirlər Şurasının XIII yığıncağında qəbul olunmuş müraciət TÜRKSOY adından türk dövlətlərinin başçılarına, xalqlarına və hökumətlərinə ünvanlanmışdı.

Türklərin YUNESKO-su deyə biləcəyimiz və yeni bir quruluş olan TÜRKSOY-un məqsədlərini qısaca olaraq bu şəkildə sistemləşdirə bilərik: türk dilində danışan ölkələr və topluluqlar arasında mədəni əlaqələrinin inkişaf etdirilməsi; Türk mədəniyyətinin araşdırılması, tədqiqi, inkişaf etdirilməsi, qorunması və millətlərarası sahədə tanıdılması; Tarixi, siyasi və coğrafi şərtlərin və xarici amillərin səbəb olduğu mədəni fərqliləşmələrin ortadan qaldırılması; Türk mədəniyyətini başqa mədəniyyətlərin təsirindən qurtararaq, milli qaynaqlarına dayanan bir şəkildə öz mədəni dinamikasının hərəkətə keçirilməsi və yayğın olan digər yabançı mədəniyyətlərlə yarışacaq hala gətirilməsi; Geniş bir coğrafı ərazidə yaşayan türk dövlət və topluluqları arasında əlifba və dil birliyinin yaradılması; Dünya sivilizasiyasının formalaşmasında önəmli bir yer tutan türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsi; Türk mədəniyyəti, sənəti və digər mövzularda arxiv və sənədləşmə mərkəzi qurulması.

Beynəlxalq bir təşkilat olan TÜRKSOY, türk dövlət və topluluqlarına istiqamətlənmiş, yuxarıda açıqladığımız məqsədlərə uyğun, bütün mədəniyyət və sənət fəaliyyətlərində olmaq üzrə bu məqsədlə qurulmuş rəsmi qurum, vəqf, dərnək, şəxs və təşkilatlarla bu gün də uğurla əməkdaşlıq etməkdədir.

Azərbaycan və Türkiyə arasında elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın inkişafına təkan verən amillər içərisində türk dövlət və topluluqları dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları xüsusi qeyd edilməlidir. Bu qurultaylar zamanı Azərbaycan - Türkiyə elmi-mədəni əlaqələri ilə bağlı bir sıra problemlər müzakirə mövzusuna çevrilmiş, təhsil və elm adamları müvafiq sahələr üzrə əməkdaşlığa dair tövsiyə və təkliflərini vermişlər. Bu vaxta qədər keçirilmiş on qurultay içərisində sonuncusu - X qurultay isə elmi-mədəni əhəmiyyəti ilə yanaşı, siyasi mahiyyəti etibarilə də fərqləndi. Dövlət və hökumət rəhbərləri səviyyəsində təşkil edilmiş bu möhtəşəm qurultay xalqlarımız arasındakı tarixi mədəniyyət əlaqələrinin perspektivlərinə dair qlobal xarakterli təhlil və tövsiyələr verdi.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2001-ci il mart ayının 9-da Azərbaycanda Atatürk Mərkəzi yarandı ki, həmin mərkəzin qarşısına "Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banısı və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu yeri nəzərə alaraq Atatürk irsini, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması" vəzifəsi qoyuldu.

Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan mədəni əlaqələri qonşuluqla məhdudlaşmır; bu əlaqələr Türkiyə-Azərbaycan münasibətlərində mədəni təmasların daha da intensivləşdirilməsini zəruri etmək məqsədini də daşıyır. Qafqaz və türk xalqlarının mədəniyyətlərinin əsil ünsürlərindən biri olan Azərbaycan Türk Mədəniyyəti Orta Şərqin eyni mədəni genlərini daşıyan bir qisim ölkələrlə yanaşı, Türkiyə ilə birlikdə ortaq mədəni sahə yaratmışdır. Uzun tarixi prosesin nəticəsi olan bu mədəniyyət daima diqqət mərkəzindədir və xalqlarımız arasındakı münasibətlərin inkişafında mədəni əlaqələr həlledici rol oynamaqdadır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər