Oktyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə edəcək Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvləri ilə görüşmüşdür.
Parlamentin sədri O.Əsədov MDB üzvü olan ölkələrin demokratik inkişaf yolu seçmiş gənc dövlətlər olduğunu demişdir. Bu ölkələrdə keçirilən seçkilər ildən-ilə təkmilləşir və xalqın iradəsinin daha dolğun ifadə olunmasına yeni imkanlar yaradılır.
Bildirilmişdir ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaflığı üçün yüksək səviyyəli şərait yaradılmış, min seçki dairəsində veb-kameralar quraşdırılmışdır. Bu, dünyanın istənilən ölkəsindən seçki prosesini izləməyə imkan verəcəkdir.
O.Əsədov missiya üzvlərinə işlərində uğurlar arzulamışdır.
Səmimi görüş üçün təşəkkürünü bildirən MDB PA-nın müşahidə missiyasının rəhbəri Oleq Lebedev demişdir ki, missiya üzvləri bir sıra seçki məntəqələrində seçkiyə hazırlığın vəziyyəti ilə yaxından tanış olmuşlar. Məntəqələrin yüksək səviyyədə hazırlandığını bildirən O.Lebedev seçki ərəfəsindəki təbliğat kampaniyasının da beynəlxalq normalara uyğun olaraq keçirildiyini diqqətə çatdırmışdır.
Sonra Milli Məclisin sədri missiyaya daxil olan Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstanın təmsilçilərinin suallarını cavablandırmışdır.
yap.org.az