36 saylı Xətai IV seçki dairəsi 32 məntəqəni əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılmışdır. Seçicilər dəstə-dəstə seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrin hər birində səsvermə tam mütəşəkkil qaydada keçir.
36 saylı Xətai IV seçki dairəsi dairə seçki komissiyasının sədri Tahir Süleymanov AzərTAc-a bildirmişdir ki, səsvermə mütəşəkkil qaydada davam edir. Hələlik dairə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə heç bir məlumat, şikayət daxil olmamışdır.
T.Süleymanov vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şəraitin yaradıldığını vurğulamışdır. Dairə seçki komissiyasının sədri qeyd etmişdir ki, səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər. Seçkilərin gedişini fasiləsiz izləyən yerli müşahidəçilərdən əlavə, Avropa Şurasını, Fransa və Özbəkistan dövlətlərini təmsil edən bir neçə beynəlxalq müşahidəçi də məntəqədə olmuş, onlar heç bir qanun pozuntusuna rast gəlməmişlər.
5 saylı seçki məntəqəsinin sədri Dilşad İsmayılovanın verdiyi məlumata görə, seçkilər əvvəlkindən seçicilərin fəallığı ilə seçilir. Artıq məntəqə üzrə 550-dən çox seçici səs vermişdir. Bildirmişdir ki, burada seçkinin bütün qaydalarına əməl olunur.
6 saylı seçki məntəqəsinin sədri Vəfa Qafurzadənin məlumatına görə, seçkilərdə iştirak edən seçicilərin fəallığı çox yüksəkdir. Məntəqə seçki komissiyasının üzvlərinin hər bir seçicinin müraciətinə həssaslıqla yanaşdıqlarını diqqətə çatdıran V.Qafurzadə ərazidə qeydiyyatda olan, lakin hər hansı səbəbdən adları seçici siyahısına düşməyən vətəndaşların ərizələrinin operativ surətdə araşdırıldığını söyləmişdir.
Seçicilərdən Qızxanım Zeynalova, Mehriban Qardaşova, Qönçə Kərimova və başqaları onlara öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün məntəqədə hər cür şəraitin yaradılmasından razılıq etmişlər.
AzərTAc