125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 52 məntəqəsində səsvermə seçicilərin yüksək fəallığı şəraitində, mütəşəkkil qaydada davam edir. Zəngilan və Qubadlı rayonlarını təmsil edən seçicilərinin böyük hissəsi artıq səs vermişdir
Dairə seçki komissiyasının sədri Əli Mönsümov AzərTAc-a bildirmişdir ki, adları qeydiyyatda olan 49 min 582 nəfərdən 29 min 761 nəfəri və ya 60 faizi saat 15.00-dək səs vermişdir. Seçicilərin fəallığı yüksəkdir. Onlar mütəşəkkil qaydada səsvermədə iştirak edirlər. İlk dəfə səs verən gənclərlə Seçki Məcəlləsinin tələblərinə uyğun müvafiq iş aparılmışdır. Məntəqələrdə belə gənclərə diqqət və qayğı ilə yanaşır, səsvermə prosesində səhvə yol verməmələri üçün lazımi tövsiyələr verilir.
Bütün məntəqələr üzrə seçki prosesi normal qaydada davam edir.
3 saylı məntəqə seçki komissiyasının sədri Hikmət Hüseynov seçicilərin fəallığından və nizam-intizama əməl etmələrindən razılıq edir. Bu məntəqədə səs verəcək 847 nəfər seçicinin çoxu artıq səsvermədə iştirak etmişdir.
Məntəqəyə səs verməyə gələn təqaüdçü Ruslan Quliyev AzərTAc-ın müxbirinə demişdir: "Bu seçkilər əvvəlkilərdən çox fərqlənir. Bu, həm insanların seçkilərə olan maraqlarında, həm də fəallıqlarında özünü göstərir. Mən xalqımızın və ölkəmizin xoş gələcəyinə səs vermişəm. Bu seçkilərin müstəqil respublikamızın sürətli inkişafında mühüm rol oynayacağına, tərəqqi və inkişaf xəttinin gələcəkdə də uğurla davam etdiriləcəyinə inanıram."
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Türkan Rəvani və Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi Gülnar Məmmədzadə ilk dəfə səs verdiklərini bildirmişlər. Gənclər müstəqil respublikamızın işıqlı gələcəyinə ilk dəfə səs verdikləri üçün qürur hissi duyurlar.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 4 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur. Məntəqə seçki komissiyasının sədri Süleyman Abdullayevin sözlərinə görə, səsvermə hüququna malik 965 seçicinin böyük əksəriyyəti artıq məntəqəyə gələrək istədiyi namizədə səs vermişdir.
AzərTAc