Mingəçevir şəhərində hər bir seçici seçki məntəqəsinə gələrək azad və sərbəst surətdə öz iradəsini ifadə edir, qarşıdakı beş ildə prezident görmək istədiyi namizədə səs verir. Bu sözləri 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədov AzərTAc-a müsahibəsində demişdir. Onun sözlərinə görə, şəhərdə prezident seçkiləri seçicilərin fəallığı şəraitində keçir.
DSK sədri seçkilərə yüksək səviyyədə hazırlıq görüldüyünü, bütün məntəqələrdə səsverməyə səhər saat 8-də start verildiyini bildirmişdir. Qeyd etmişdir ki, dairə üzrə səsvermə 30 seçki məntəqəsində keçirilir. Seçki məntəqələrinin 12-də veb-kameralar işləyir. Qeydə alınmış 37 min 29 seçicinin 760 nəfəri ilk dəfə səs verir. Səsvermənin gedişini 226 nəfər yerli müşahidəçi, habelə ATƏT DTİHB-nin 4 nümayəndəsi izləyir. Hazırda 3 saylı seçki məntəqəsində "Konstitusiya" Araşdırmalar Fondu tərəfindən "exit-poll" keçirilir.
DSK sədrinin sözlərinə görə, səsvermə başlayandan indiyədək dairə üzrə 11 min 632 seçici məntəqələrə gələrək səs vermişdir. Bu da ümumi seçicilərin 31,41 faizini təşkil edir.
AzərTAc