Üç əsrin şahidi olan 124 yaşlı Gözəl Dadaşova 89 saylı Göyçay-Ağdaş DSK-nın 24 saylı seçki məntəqəsinə gedərək istədiyi namizədə səs vermişdir.
Dünyanın ən yaşlı sakinlərindən biri olan Gözəl Dadaşova AzərTAc-a müsahibəsində demişdir ki, ailə üzvləri ilə birgə oktyabrın 9-da səhər saatlarında Ağdaş rayonunun Qulbəndə kəndindəki seçki məntəqəsinə gedərək sərbəst şəkildə səsvermədə iştirak etmişdir.
O, özü ilə bərabər 41 övladının, nəvəsinin, nəticəsinin və kötücəsinin də prezident seçkilərində fəal iştirak etdiyini bildirmişdir. Yaşının çox olmasına baxmayaraq sərbəst hərəkət edən, yaddaşından və sağlamlığından şikayətlənməyən 124 yaşlı Gözəl nənə dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak etdiyini və bu gün də məntəqədə seçkinin normal şəkildə təşkil olunduğunu, səsvermə zamanı heç kimin köməyinə ehtiyac duymadığını və sərbəst şəkildə bülleteni dolduraraq seçki qutusuna atdığını demişdir.
Azərbaycanın ən uzunömürlü seçicisi olan Gözəl Dadaşova daşınan qutunun evə gətirilməsini istəmədiyini və şəxsən seçki məntəqəsinə gedərək səs verdiyini qeyd etmişdir.
AzərTAc