Azərbaycan ictimaiyyəti prezident seçkilərində çox fəal iştirak edir. Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İnformasiya Mərkəzində prezident seçkilərində səsvermənin gedişatına həsr olunmuş mətbuat konfransında demişdir.
Seçkilərdə ümumi dinamikanı müsbət qiymətləndirən MSK sədri bildirmişdir ki, əldə olunan məlumatlar və göstəricilər seçicilərin bu prosesdə fəal iştirak etdiklərini göstərir. Bu, əlbəttə ki, sevindirici haldır. Bütün ölkə üzrə seçicilərin fəallığı və seçki komissiyaları üzvlərinin peşəkarlığı yüksək qiymətləndirilir. Beynəlxalq müşahidəçilərin, eləcə də MDB dövlətlərinin, Slovakiya, Bolqarıstanın və digər ölkələrin MSK sədrlərinin və müşahidəçilərinin ölkəmizdəki prezident seçkilərinin təşkili və gedişatı barədə rəyləri də sevindiricidir. Onlar seçki prosesinin işıqlandırılmasında KİV-lərin fəallığını da müsbət dəyərləndirmişlər. Beynəlxalq müşahidəçilərin də ümumi rəyi müsbətdir.
M.Pənahov demişdir ki, ancaq bunlarla yanaşı, seçkilərə kölgə salmaq məqsədi ilə bəzi məntəqələrdə təxribat xarakterli hallar da yaşanmışdır: "Azadlıq qəzeti"nin əməkdaşı Cəbrayıl seçki dairəsi üzrə seçicilərin məntəqəyə girməsinin qarşısını almağa cəhd göstərmiş, Ağdaşda bir nəfər KİV nümayəndəsi saxta sənəd təqdim etmiş, eləcə də Cəlilabadda bir nəfər 10 ədəd bülleten götürərək qaçmış, Zərdabda AXCP rayon təşkilatı sədri seçicilərin etirazına baxmayaraq, çəkiliş aparmaq istəmiş, onları təhqir etmişdir və s. Qeyd etdiyim və etmədiyim digər yerlərdə münaqişə yaradılmasına təhrik edən addımlar atılır. Lakin bir faktı da qeyd etmək lazımdır ki, səsvermə zamanı seçicilərdən kiminsə başqa birinin yerinə səs verməsi kimi pozuntulara rast gəlinmir.
MSK sədri bildirmişdir ki, bütün faktlar araşdırılacaqdır. Cəlilabadda bülleteni götürərək qaçan şəxs axtarışdadır. Zərdabdakı hadisəyə gəlincə isə məntəqələrdə çəkiliş aparılması üçün lazımi şərait yaradılmışdır. Əgər seçici özünün çəkilməsini istəmirsə, bu, onun konstitusion hüququdur və ona qarşı çıxa bilmərik. Bunu başqa cür qələmə vermək, seçicini təhqir etmək lazım deyil. Təxribat xarakterli bu cür hadisələrin ölkənin bütün coğrafiyasını əhatə etməsi, siqnal gələn məntəqələrdə eyni mahiyyətli hərəkətlərin təkrarlanması, onu göstərir ki, bütün bunlar qabaqcadan düşünülmüş şəkildə, eyni ssenari üzrə gedir.
M.Pənahov, həmçinin qeyd etmişdir ki, seçkinin gedişatı zamanı exit-poll nəticələrinin açıqlanması düzgün deyildir. Ancaq təəssüf ki, bu cür hal baş vermişdir. MSK bununla bağlı da araşdırmalara başlamışdır.
MSK olaraq biz bu yöndə qanunauyğun addımlar atacağıq.
yap.org.az