Bu gün TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) ötən gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Müstəqil Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, TÜRKPA-nın baş katibi Zandos Asanov konfransda çıxışında rəhbərlik etdiyi qurumun müşahidəçilərinə seçkiləri izləmək üçün yaradılan şəraitə görə, Azərbaycanın dövlət strukturlarına təşəkkürünü bildirib.TÜRKPA-nın müşahidəçilər missiyasının rəhbəri, Türkiyə Parlamentinin üzvü Haluk İpek mətbuata seçki monitorinqinin nəticələri ilə bağlı açıqlama verib. O bildirib ki, müşahidəçilər Milli Məclisin sədri Oqtay Əsədovla, xarici işlər naziri Elmar Məmmədyarovla və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş çərçivəsində seçkilərlə bağlı aparılan hazırlıqlar barədə məlumat toplayıb: "Son olaraq əldə etdiyimiz nəticələrə əsasən deyə bilərəm ki, Azərbaycanın bütün vətəndaşlarına seçki hüququndan istifadə etmək üçün şərait yaradılıb. Seçim kompaniyası beynəlxalq normalara uyğun həyata keçirilib. Müşahidə apardığımız məntəqələrdə qanun pozuntusu və neqativ hallarla qarşılaşmadıq. Eyni zamanda biz məntəqələrdə namizədlərin təmsilçiləri ilə də ünsiyyətdə olduq. Xüsusilə seçki məntəqələrində veb kameralardan istifadə olunmasını şəffaflığın göstəricisi kimi qiymətləndiririk. Öz adımdan və həmkarlarım adından seçimlərinin Azərbaycan xalqına xeyirli olmasını diləyir, cənab İlham Əliyevi əldə etdiyi uğura görə təbrik edirəm.
sia.az