Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) müşahidə missiyası ötən gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Müstəqil Mətbuat mərkəzində mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, missiyanın üzvü Saliya Muzabayova müşahidə missiyasının apardığı nəzarətin nəticələri barədə məlumat verib. O bildirib ki, seçikər azad və şəffaf şəkildə keçirilib: "Bizim müşahidə missiyamız Sumqayıt şəhərindəki bir neçə məntəqədə oldu. Məntəqələrdəki ab-hava bizə xoş təsir bağışladı. İnsanların öz hüquqlarını tanıması və səsvermə hüququndan istifadə etməsi, seçkilərə olan maraq Azərbaycanı digər ölkələrdən fərqləndirir. Ölkənizdə hər bir vətəndaşın öz siyasi mövqeyindən çıxış edərək seçimini etməsi üçün lazımi şərait yaradılıb. İnsanların vətəndaşlıq hüququndan istifadə etməklə səs verməsi bizim üçün önəmlidir. Səs verənlər arasında isə gənclərin üstünlük təşkil etməsi aktivliyi daha da artırırdı. Burada heç bir məcburiyyət yox idi və düşünürəm ki, gənclərin bu aktivliyi vətənpərvərlik nümunəsidir. Doğru siyasəti dəstəklədiyi və düzgün seçim etdiyinə görə Azərbaycan xalqını təbrik edirəm".
sia.az