İtaliya Senatının nümayəndə heyəti 9 oktyabr tarixində Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Müstəqil Mətbuat mərkəzində mətbuat konfransı keçirib. SİA xəbər verir ki, müşahidə missiyasının rəhbəri Serco Dvina nümayəndə heyətinin Bakı və Sumqayıt şəhərlərinin 8 məntəqəsində olduğunu deyib. O bildirib ki, heyətin apardığı müşahidələr zamanı seçici aktivliyi özünü göstərib: "Seçkilərə seçici fəallığı vətəndaşların demokratik ölkə qurmaq istəməsinin göstəricisidir. Nəticələrə əsasən deyə bilərəm ki, ölkənizdə keçirilən prezident seçkilərinin dinc, şəffaf və demokratik yolla keçdiyinə əmin ola bilərsiniz. Seçkilərdə bizi təəccübləndirən əsas məqam isə həm müşahidə, həm də qeydiyyat qruplarında qadınlar üstünlük təşkil edirdilər. Eyni zamanda seçicilərin qəbulunda və qeydə alınmasında yüksək nizam-intizam var idi. Məntəqələr kiçik olsa da, seçki prosesi sürətlə gedirdi. Gün ərzində yalnız bir seçicinin məntəqədən geri qaytarılmasını müşahidə etdik. Bu halla dərhal maraqlandıq və məlum oldu ki, o, məntəqənin ünvanını səhv salıb. Seçkilərdə olan azadlığı və şəffaflığı qiymətləndirir, sizi təbrik edirəm".Müşahidə missiyasının üzvü Mariya Ridcoti isə qeyd edib ki, 1300-ə qədər xarici müşahidəçinin iştirak etdiyi seçkilərin azad və şəffaf keçirilməsi üçün lazımi tədbirlər görülüb, neqativ halların qarşısının alınması reallaşıb: "İtaliya parlamentini təmsil edən nümayəndə kimi deyə bilərəm ki, qadınların seçki prosesində aktivliyi, öz vəzifələrini yerinə yetirməkdə heç də kişilərdən geri qalmaması məni sevindirdi. Azərbaycan Parlamentində qadınlar 35%, İtaliya parlamentində isə 32,5% təşkil edir. Azərbaycanın bu sahədə İtaliyadan öndə olması belə demokratiya istiqamətində atılmış növbəti addımdır".
sia.az