"2013-cü ilin 9 ayında ölkədə müşahidə olunan makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində bir çox keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu ilin 9 ayında ölkədəki iqtisadi inkişafa uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun gəlirləri sürətlə artıb və 1 milyard 978 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz və ya 144 milyon manat çoxdur". Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
S.Müslümov bildirib ki, sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 12 faiz artaraq 1 milyard 120 milyon manata çatıb. İşləyənlərin və onların maaşlarının qeydiyyatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun müvafiq təşkilatlarla birgə işi nəticəsində 600 min nəfər əlavə qeydiyyata alınıb və sığorta olunan şəxslərin sayı 2 milyon 630 min nəfəri ötüb. Onun sözlərinə görə, cari ilin 9 ayında Fondun xərcləri 1 milyard 890 milyon manat olub ki, bunun da 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
"Pensiyaların vaxtında maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondu Maliyyə Nazirliyi ilə birlikdə aylıq ödəniş qrafikini təsdiq edib və bu qrafikə uyğun olaraq pensiyaların maliyyələşdirilməsi tam başa çatdırılıb. Bundan əlavə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib. Əmək pensiyalarının baza hissəsinin artırılması, o cümlədən sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı imzalanan müvafiq sərəncamlara əsasən qulluq stajına görə pensiyasına əlavə alan şəxslər istisna olmaqla, qalan 1 milyon 209 min nəfərin pensiyasının baza hissəsi sentyabrın 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Güzəştli kateqoriyaya aid 146 min nəfərin pensiyasının baza hissəsinə daha çox, yəni 16,5 manatdan 37,5 manata qədər artım tətbiq edilib. Beləliklə, sentyabrın 1-dən Azərbaycanda pensiyaların baza hissəsi müqayisəli ifadədə 128 dollar təşkil edib ki, bu da MDB məkanında 3-cü göstəricidir. Bu artımlardan sonra Fondun əhaliyə aylıq ödənişlərinin həcmi 221 milyon manata çatıb"- deyə, S.Müslümov vurğulayıb.
yap.org.az