PDF Oxu

Siyasət

  • 23

Novruz Məmmədov: "ABŞ Dövlət Departamentinin mövqeyi reallığı əks etdirmir"

Novruz Məmmədov: "ABŞ Dövlət Departamentinin mövqeyi reallığı əks etdirmir"

ABŞ Dövlət Departamentinin 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair mövqeyi ədalətli deyil və reallığı əks etdirmir. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov DTİHB və ABŞ-ın Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibəti ilə bağlı deyib.

N.Məmmədovun sözlərinə görə, bu mövqe onu göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ABŞ-la birlikdə demokratiya və insan hüquqları məsələlərini öz monopoliyası hesab edərək, özünün istədiyi formada istifadə edir: "Lakin artıq aydındır ki, demokratiya və insan hüquqları məsələlərinin bu formada təzyiq alətinə çevrilməsi uğurlu nəticə vermir. Beynəlxalq aləmdə buna dair onlarla nümunə göstərmək olar".

PA rəsmisinin fikrincə, Azərbaycanda keçirilmiş prezident seçkiləri digər ölkələrdə keçirilmiş seçkilərin heç birindən geri qalmır, hətta bir çox parametrlərinə görə irəlidədir. Bir sıra digər ölkələrdə ciddi qanun pozuntularının müşahidə olunduğu seçkilərə elə ABŞ və ATƏT DTİHB-nin verdiyi subyektiv qiymətləndirmə fonunda, onların bu qərəzli mövqeyi təəccüb və heyrət doğurur: "Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək, nümunə göstərməlidirlər. Maraqlıdır ki, 98 ölkə və 48 beynəlxalq təşkilatdan seçkiləri müşahidə edən 1500-ə yaxın müşahidəçi, o cümlədən AŞPA, Avropa Parlamenti, QDİƏT PA, TürkPA-nın müşahidə missiyaları və xarici ölkələrin müstəqil müşahidəçilərinin əksəriyyəti seçkilər haqda müsbət rəy bildiriblər. Lakin nədənsə bu rəylər Dövlət Departamentinin məsələyə münasibətində əks olunmayıb".

sia.az

Digər xəbərlər