PDF Oxu

Siyasət

  • 53

Qələbə ilə nəticələnən uğurlu seçki siyasəti

Qələbə ilə nəticələnən uğurlu seçki siyasəti

Parlaq qələbə bir daha Yeni Azərbaycan Partiyasının ümümxalq partiya olduğunu təsdiqlədi

9 oktyabr 2013-cu il tarixində keçirilən növbəti prezident seçkiləri Azərbaycanda ictimai-siyasi fəallığın kifayət qədər yüksək olduğunu təsdiqləyir. Bu mənada, növbəti prezident seçkilərinin nəticələri ölkəmizdə mövcud şəffaf, demokratik, ədalətli seçkilər ənənəsinin getdikcə daha da dərinləşib möhkəmləndiyini göstərir. Bu, heç də təsadüfi deyil. Bütün sivil, demokratik, dünyəvi ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki prosesinə hər zaman böyük ictimai maraq göstərilir. 9 oktyabr prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının gedişində prezident seçilməyə iddialı namizədlərin ictimai-siyasi fəaliyyətinin ciddi təhlil olunması, qiymətləndirilməsi, prinsipcə, arzuolunan, təqdirəlayiq haldır. Məhz bunun nəticəsidir ki, seçicilər prezident seçkilərində çox fəal iştirak edib və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevə səs veriblər. Bütün bunlar, ölkəmizin tərəqqisi, inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Müxalifətin məğlubiyyəti gözlənilən idi

İstənilən seçkidə ictimai-siyasi qüvvələrin, siyasi partiyaların fəallaşması, seçki prosesində bu və ya digər dərəcədə uğur qazanmağa səy göstərməsi tam təbii və gözləniləndir. Bu zaman sağlam siyasi rəqabətin aparılması, seçki qanunvericiliyinin tələblərinə riayət edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, radikal müxalifətin təmsilçiləri, ötən seçkilərdə olduğu kimi, bu dəfə də "ənənə"lərinə sadiq qalıblar. Onlar seçki kampaniyası başladığı andan indiyədək seçki prosesinin gedişini, eləcə də, səsvermənin nəticələrini uğursuz şəkildə şübhə altına almağa səy göstərirlər. Bu, bir daha onu göstərir ki, seçkilərdə acınacaqlı məğlubiyyətə düçar olan radikal düşərgə həmişəki kimi ləyaqətlə uduzmağı - öz məğlubiyyətini həzm etməyi bacarmır. Odur ki, radikallar növbəti prezident seçkilərində də seçki kampaniyasına kölgə salmağa, ciddi təşviqat aparmaq əvəzinə, təxribat xarakterli fikirlər səsləndirməklə məşğul olublar. Onlar bununla bağlı, başladıqları "qara piar" kampaniyasını daha iyrənc formada davam etdirirlər. Radikallar bu mübarizədə bütün əxlaqi meyarları, ədəb-ərkan qaydalarını pozaraq, rəqiblərinə qarşı aşkar şəkildə qərəzli mövqe tuturlar. Bu isə son nəticədə əks-bumeranq effekti ilə onların özünə qarşı yönəlib. Bəlli olduğu kimi, radikal düşərgənin əsas təmsilçisi sayılan "Milli Şura" böyük məğlubiyyətə uğrayıb və bu qurumun namizədi Cəmil Həsənli seçkilərdə həlledici səs çoxluğu qazana bilməyib.

Düzgün seçki siyasəti YAP-a uğur gətirdi

Aydındır ki, müxalifət partiyalarını nə ayrılıqda, nə də birlikdə hər hansı formada növbəti dəfə prezident seçkilərinin favoritinə çevrilən Yeni Azərbaycan Partiyası ilə müqayisə etmək mümkün deyil. Populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində birmənalı şəkildə, böyük səs çoxluğu ilə layiqli qələbə qazanıb. Odur ki, 9 oktyabr seçkilərində qazanılan növbəti möhtəşəm qələbə, məntiqi qanunauyğunluq kimi, Yeni Azərbaycan Partiyasının ardıcıl qələbələr seriyasını tamamlayır. Bu seçkilərdə partiyanın növbəti böyük, inamlı qələbəsi xalqın böyük dəstəyi, seçicilərin mütləq əksəriyyətinin məhz Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev Cənablarına səs verməsi sayəsində əldə edilib. Partiyanın inamlı qələbə qazanmasında Yeni Azərbaycan Partiyası namizədlərinin uğurla həyata keçirilən təbliğat-təşviqat kampaniyası, seçicilərlə qurulan fəal, səmimi ünsiyyət də mühüm rol oynayıb. Seçkilərə "İLHAMLA İRƏLİ!" şüarı ilə qatılan YAP ölkənin aparıcı siyasi təşkilatı kimi, Azərbaycanı tərəqqiyə, rifaha aparan alternativsiz ictimai-siyasi qüvvə olduğunu qazandığı inamlı qələbə ilə təsdiqləyib.

R.HÜSEYNOVA

Digər xəbərlər