PDF Oxu

Siyasət

  • 42

İlham Əliyevin qələbəsi xalqın təntənəsidir

İlham Əliyevin qələbəsi xalqın təntənəsidir

Demokratik prinsiplərin bərqərar olduğu müstəqil Azərbaycanda 9 oktyabr prezident seçkiləri YAP-ın uğurlu qələbəsi ilə başa çatdı. Xalq yenə də öz düzgün seçimini edərək YAP-ın irəli sürdüyü namizədə - Cənab İlham Əliyevə səs verdi. Söhbət etdiyimiz müsahiblərimiz prezident bütün fəaliyyətini ölkəmizin inkişafına və çiçəklənməsinə yönəldiyini bildirdilər.

Millət vəkili Tahir Süleymanov: "Son 10 ildə Prezident İlham Əliyevin yürütdüyü inkişaf siyasəti seçkilərin nəticələrini şərtləndirən əsas amildir"

- Cənab İlham Əliyevin qələbəsi sosial sifariş idi və Azərbaycan xalqı seçkilərə gedərək, Prezidentə olan yüksək dəstəyini ifadə etdi. Azərbaycan seçiciləri növbəti prezident seçkilərində də yüksək fəallıq nümayiş etdirməklə ölkənin həyatında çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər və İlham Əliyev öz əməli fəaliyyəti ilə seçicilərin rəğbətini qazanaraq, növbəti beşilliyə xalqdan dəstək aldı. Bu zəfər gözlənilən idi. Cənab Prezident bu zəfərini hakimiyyətdə olduğu 10 il ərzində reallaşdırdığı uğurlu daxili və xarici siyasətlə təmin etmişdi və bu qələbənin kökündə son on ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş genişmiqyaslı siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaq. Onu da tam əminliklə demək olar ki, Azərbaycanda seçkilər Seçki Məcəlləsinin tələblərinə, beynəlxalq seçki qanunvericiliyinə uyğun yüksək səviyyədə keçirildi. Bu seçkilərin nəticəsi Azərbaycan xalqının siyasi iradəsini ifadə etdi. Seçkini müşahidə edən beynəlxalq müşahidəçilərin rəyləri də bu faktı təsdiq etdilər. Bu, həm də o deməkdir ki, İlham Əliyev Cənablarının liderliyi yalnız ölkə daxilində deyil, eyni zamanda, beynəlxalq aləmdə də tanınır, rəğbətlə qarşılanılır.

Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri: "Bu zəfər bütövlükdə partiyamızın, partiyamızın Sədri Cənab İlham Əliyevin qələbəsidir"

- Azərbaycanda Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizin gündən-günə daha da inkişafına, cəmiyyətimizdə demokratik mühitin dərindən formalaşmasına və insanların seçkilərdə fəal iştirakına səbəb olur. İnsanlar Cənab Prezidentimizin siyasətini dəstəklədiklərini seçkilərdə fəal iştirakları ilə bildirdilər və çox aktiv bir şəkildə 9 oktyabr prezident seçkilərində iştirak etdilər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam edən bu siyasətin alternativi yoxdur. Bunu seçicilər də seçkilərdə iştirak edib, YAP-ın namizədinə səs verərək, bir daha təsdiqlədilər. Xalq, birmənalı olaraq, YAP-a, partiyanın Sədri İlham Əliyevə sadiq olduqlarını nümayiş etdirdilər. Bu zəfər bütövlükdə partiyamızın, partiyamızın Sədri Cənab İlham Əliyevin qələbəsidir. Müxalifətin məğlubiyyətinə gəlincə isə, onlar hər dəfə öz məğlubiyyətlərini əsaslandırmaq üçün boş-boş, sərsəm bəyanatlar verirlər. Amma düşünmürlər ki, məğlubiyyəti də etiraf etmək demokratiyanın ən yüksək dəyərlərindən biridir. Siyasi arenada iki tərəf olur - qalib və məğlub tərəf. Müxalifətin məğlub olmasını qəbul etməməsi elə demokratiyaya xələl gətirmək deməkdir. Dünyanın heç bir ölkəsində seçkilərdə iki tərəf də qələbə çalmır. Məğlub tərəf hər zaman qalib tərəfi təbrik edir. Çox təəssüflər olsun ki, Azərbaycan müxalifətinin də səviyyəsi aşağı olduğu üçün qalib tərəfi təbrik etməyi bacarmır. Onlar demokratiya deyəndə, hesab edirlər ki, kiməsə qara ləkə yaxsınlar, hər şeyə kölə salsınlar. Artıq beynəlxalq təşkilatlar da onların sözlərini eşitmirlər. Ona görə də, boş-boş danışan radikal müxalif qruplara fikir verməməli, Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik. Qarşıdan gələn 5 il müddətində həyata keçirilən uğurlu layihələrimiz daha da çox olacaq, müstəqil, demokratik, suveren Azərbaycan dövlətinin səsi hələ çox yüksəklərdən gələcək, bayrağımız zirvələrdə dalğalanacaqdır.

Millət vəkili Rauf Əliyev: "9 oktyabr prezident seçkilərində Cənab İlham Əliyevin qələbəsi, bütövlükdə, Azərbaycan xalqının zəfəridir"

- Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirilən hüquqi, siyasi və iqtisadi islahatlar cəmiyyətimizin demokratikləşməsi istiqamətində görülən işlərin səmərəsini xeyli dərəcədə artırmışdır. Bunun nəticəsidir ki, hər seçkidən-seçkiyə demokratikləşmə prinsipi daha da yaxşılaşır. Seçki Məcəlləsində nəzərdə tutulmuş maddələr tamamilə seçki prosesi zamanı nəzərə alınmışdır. İnsanlar arasında fəallıq, inam hissi müşahidə olunurdu. Bu isə, namizədlər arasında ruh yüksəkliyinin artmasına səbəb olurdu. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda aparılan bütün seçkilər dünya standartlarına tam cavab verir, insanlarımız demokratik və azad yolla öz seçimlərini etmişlər. Bunu seçki günü yaşanan əhval-ruhiyyə də bir daha təsdiq edir. 9 oktyabr prezident seçkilərində Cənab İlham Əliyevin qələbəsi, bütövlükdə Azərbaycan xalqının zəfəridir. Azərbaycan xalqı çox böyük ruh yüksəkliyi ilə seçkiyə qatılmaqla Azərbaycanın gələcəyinə, Ulu Öndər Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı İlham Əliyevə səs verməklə bir daha müstəqilliyimizin əbədiliyinə səs verdilər. Xalqımız bir daha İlham Əliyevin bütün xalqın prezidenti olduğunu ortaya qoydu. Zəfər bayramın mübarək, xalqım!

Nazim Ağayev, YAP Xaçmaz rayon təşkilatının sədri: "Bu qələbənin mahiyyətində Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır"

- Cənab İlham Əliyevin zəfəri xalqın tələbidir. Azərbaycan xalqı kifayət qədər praqmatikdir və düzgün qərarlar verməyi bacarır. Bu mənada Cənab Prezident İlham Əliyevin xalqdan dəstək alması təbiidir. Çünki Cənab Prezident bütün fəaliyyətini ölkəmizin inkişafına və çiçəklənməsinə yönəldib. Ölkəmiz dünya miqyasında önəmli dövlətlərdən birinə çevrilib. Regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Bu gün qeyri-neft sektorunun inkişafı yönündə ciddi addımlar atılır, nəticədə, əhalinin rifah halı günü-gündən yaxşılaşır, müsbətə doğru dəyişir. Belə olduğu təqdirdə, qədirbilən Azərbaycan xalqı öz gələcəyinin qarantı - YAP-ın namizədi İlham Əliyevə dəstək oldular. Beləliklə də, 9 oktyabr prezident seçkiləri növbəti 5 ildə ölkəmiz üçün əsil uğur təntənəsi kimi Azərbaycanın şərəf tarixinə yazıldı. Artıq əminliklə vurğulaya bilərik ki, Möhtərəm İlham Əliyevin Azərbaycana üçüncü rəhbərlik dönəmi ölkəmizin adını dünyada birincilər sırasına qatacaqdır. Bütün Azərbaycan xalqının gözü aydın olsun!

Millət vəkili Mahir Aslanov: "Ölkə başçısının regionlara səfərləri ənənəvi siyasətə çevrilib"

- İlham Əliyev bölgələrə səfərləri özünün prioritet istiqamətlərindən birinə çevirib və vaxtaşırı olaraq əyalətlərə səfər etməklə, xalqla həmrəyliyini nümayiş etdirir. Regionların sosial-iqtisadi inkişafı işsizlik probleminin həll olunması və region əhalisinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Cənab İlham Əliyev səfər etdiyi hər bir rayonda yeni-yeni müəssisələrin açılışını edərək, rayonların inkişafı və çiçəklənməsinə öz töhfəsini verir. Nəzərə almaq lazımdır ki, regionlarda açılan hər bir müəssisə daha neçə-neçə insanın işlə təmin olunması və müvafiq sahələr üzrə inkişaf deməkdir. Dünyada elə ölkə başçısı yoxdur ki, bizim Prezident qədər regionlara səfər etsin, vətəndaşları vaxtaşırı qəbul edib, onların qayğılarını şəxsən dinləsin. Bu, artıq Azərbaycanda ənənəvi siyasətə çevrilib. Məhz elə bu səbəbdən də xalqımız ölkədə həyata keçirilən islahatlara öz açıq dəstəyini nümayiş etdirdi. Çünki Azərbaycan cəmiyyəti praqmatikdir və bu islahatların məhz onun mənafeyinə hesablandığını gözəl bilir. Bu səbədən vurğulamaq istərdim ki, 9 oktyabr seçkiləri xalqın iradəsinin növbəti təntənəsi olaraq, Cənab İlham Əliyev yenidən möhtəşəm qələbə qazanaraq xalq tərəfindən Prezident seçildi.

Kamil Mirzəyev, YAP Biləsuvar rayon təşkilatının sədri: "İlham Əliyevin qələbəsi bütövlükdə Azərbaycan xalqının istəyidir"

- 9 oktyabr prezident seçkilərində İlham Əliyevin qələbəsi, bütövlükdə Azərbaycan xalqının istəyidir. Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin regionun həlledici, postsovet məkanının aparıcı, dünyanın isə önəmli dövlətinə çevrilməsi, dünya səviyyəli mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi, ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə yönəldilmiş layihələr, nəinki paytaxtın, ən ucqar kəndlərin belə müasirləşməsi Prezident İlham Əliyevin xidmətidir. 9 oktyabrda Azərbaycan cəmiyyəti ölkə rəhbərinin xidmətlərini qiymətləndirdi və Onunla həmrəy olduğunu ortaya qoydu. Azərbaycan seçicisi bundan öncəki seçkilərdə olduğu kimi, növbəti prezident seçkisində də Ulu Öndər Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı Cənab İlham Əliyevə səs verdi. Cənab İlham Əliyevin yekdilliklə prezident seçilməsi təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirilir. Zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər