Oktyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın 2013-cü il oktyabrın 7-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Bu barədə məlumat verilərkən bildirilmişdir ki, müraciətlərdən biri "Demokratik Qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupunun namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən edilmişdir. Qeyd olunmuşdur ki, müraciətə əlavə edilən qoşmaların hamısı kserosurətlərdən ibarətdir. Müraciət edən şəxsdən dəfələrlə və təkidlə xahiş olunmuşdur ki, əllərində təsdiqedici sübutlar varsa onları araşdırılmaq üçün MSK-ya təqdim etsin. Lakin müraciət edən tərəf belə "sübutları" təqdim etməkdən imtina etmişdir. Kserosurətlər araşdırılmaq üçün hüquqi sənəd sayılmadığından müraciət əsassız hesab edilmiş və təmin olunmamışdır.
Digər müraciətin araşdırılması üçün aidiyyatı üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AzərTAc