Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan S.Əbiyev səfirlə bu sahədə əldə edilmiş müsbət nəticələr və həllini gözləyən məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.
Hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edən nazir - uğurlarla yanaşı, bu prosesə maneə yaradan amillər barədə də danışmışdır.
O, "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin bu sahədə əngəl olduğunu xüsusi vurğulayaraq indiyədək həmin ədalətsiz düzəlişin aradan qaldırılmamasından təəssüfləndiyini bildirmişdir. Qeyd edilmişdir ki, 907-ci düzəlişi gündəmə gətirən təşəbbüskarlar bu gün də Azərbaycanı başqa istiqamətdən hədəfə almışlar.
Görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət aparılmışdır.
Müdafiə naziri seçkinin ədalətli, demokratik və azad şəraitdə keçirildiyini əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd etmişdir.
S.Əbiyev bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını ifadə etmişdir. O bildirmişdir ki, son illərdə Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəyini açıqlayır. Nazirin fikrincə, burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyildir. Konkret fakt kimi Səfər Əbiyev 2008-ci ilin fevralında işğalçı Ermənistanda total saxtakarlıqla keçirilən prezident seçkilərinə ABŞ Dövlət Departamentinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi, ümumilikdə, müsbət rəyi göstərərək demişdir: "Hətta Yerevanda etiraz əlaməti olaraq küçələrə axışan minlərlə insana hökumət qüvvələri tərəfindən silahlı təzyiqlər göstərilməsinə, ondan artıq seçicinin qətlə yetirilməsinə baxmayaraq Ermənistanın rəhbərliyinə heç bir ciddi beynəlxalq təpki olmadı. Fərqli yanaşmanı doğuran səbəblər nədir? Həm başqa ölkənin torpaqlarını işğal edərək saysız-hesabsız günahsız adamın qanını tökən, həm də öz vətəndaşına belə amansızlıq nümayiş etdirməkdən çəkinməyən bir rejimin demokratik biçimdə qəbul edilməsini, bir çox hallarda beynəlxalq tənqiddən kənarda saxlanılmasını necə başa düşək?!"
Nazir bütün bunların ciddi təhlilə ehtiyacı olduğunu bildirməklə bu cür siyasi proseslərin qiymətləndirilməsində ikili standartların yolverilməzliyini diqqətə çatdırmışdır.
Müdafiə naziri Səfər Əbiyevin fikirləri ilə razılaşdığını bildirən ABŞ səfiri 907-ci düzəlişin nəzərdən keçirilməsinin zəruriliyini qeyd etmişdir.
Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir demişdir ki, seçkilər artıq arxada qalmışdır və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulamışdır.
Görüşdə əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılmışdır.
yap.org.az