Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Qurban Bayramı ilə əlaqədar aztəminatlı ailələrlə görüş keçirilib
Sədaqət Vəliyeva: "Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban Bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir"
Müqəddəs Qurban Bayramı münasibətilə YAP Nizami rayon təşkilatında aztəminatlı ailələrlə görüş keçirilib. Görüşdə müqəddəs Qurban Bayramı münasibətilə sakinləri təbrik edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Qurban Bayramının tarixindən, Azərbaycanda bu bayramın təntənəli şəkildə qeyd olunmasından danışıb: "İslamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq bəşəriyyətə göndərilməsini özündə ehtiva edən Qurban mərasimləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşatmaqla, insanları sülhə, əmin-amanlığa və qardaşlıq yoluna dəvət edir. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban Bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur".
S.Vəliyeva cıxışında onu da qeyd edib ki, humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban Bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Millət vəkili Qurban Bayramı münasibətilə bir daha rayon sakinlərinə cansağlığı, ailələrinə xoşbəxtlik və süfrələrinə bol ruzi-bərəkət arzulayıb.
Sakinlər də cıxışlarında Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra müqəddəs Qurban Bayramı münasibətilə 1000-ə yaxın ailəyə qurban payı verilib.
İntizarə Məmmədova