PDF Oxu

Siyasət

  • 26

Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!

Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!

"Biz xoşbəxtik ki, xalqımız azadlığa çıxıbdır. Biz xoşbəxtik ki, bizim özümüzün müstəqil dövlətimiz var. Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində , bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbaycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır. Müstəqil, azad Azərbaycanımıza gözəl gələcəklər arzu edirəm."

HEYDƏR ƏLİYEV

Xoşbəxtlik nədir? Həyatın müəyyən anlarında hər birimiz bu mifik sualın cazibəsi altına düşür, iç dünyamızın gizli qapılarında var-gəl edən cavab selinin səmimilik və dolğunluğunda yarımçıqlıq görərək dəfələrlə bu sualla özümüzə müraciət edirik. İçimizə hüzur gətirəcək cavab tapana qədər bu sual məni də düşündürürdü. Lakin bu gün sualın cavabını tapanlar qismində mən də varam. Xoşbəxtlik – müstəqil Vətənində özün olaraq addımlamaq, milli mənsubluğundan duyduğun qüruru sözdə və əməldə yaşamaq, "Mən Müstəqil Azərbaycan Respublikasının azad vətəndaşıyam" deyə bilməkdir!

Ancaq müstəqillik hədiyyə edilmir, onun uğrunda vuruşmaq, mübarizə aparmaq gərək. Lakin onun qazanılmasına vəsilə olan Tanrı xilaskarları olarsa, bu möhtəşəm anlayışın özünütəsdiqi daha qüdrətli olar. Odur ki, bu gün əminliklə deyə bilərik, dünya üzrə yaşayan 60 milyon Azərbaycanlının 9 milyonu məhz dahi şəxsiyyət Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sayəsində MÜSTƏQİL AZƏRBAYCANA sahibdir. Məhz dahi Azərbaycan Liderinin sayəsində müstəqilliyimizin son 22 ilini – 1991-2013-cü illəri intibah və tərəqqi dövrü olaraq yaşayırıq və Müstəqil Azərbaycan böyük Azərbaycansevər Heydər Əliyevin dediyi kimi, dünyaya Günəş kimi işıq salır. Tarixən azad olmaq, hürriyyətə qovuşmaq bu xalqın ən böyük arzusu olmuş, hətta qüdrətli Azərbaycan sərkərdəsi Babəkin dediyi kimi, bir gün azad yaşamağı qırx ilin köləliyindən üstün tutmuşdur. Cəmi 23 ay davam edən Azərbaycan Demokratik Cümhuriyyətin süqutu ilə 70 illik müstəmləkə həyatı belə bu xalqın azadlıq yanğısını söndürə bilmədi... Suya həsrət torpaq kimi alovlandı bu istək... Nəhayət, xalqın tələbi, mücadiləsi ilə Azərbaycan Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixində keçirilmiş sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Lakin erməni şovinizmi, rus imperializminin uzaq zamana hesablanmış çirkin planları müstəqillik siyasətinin reallaşmasına maneə oldu. Müstəqil oldu Azərbaycan, lakin onu yaşaya bilmədi...

Belə təlatümlü zamanda xalq Heydər Əliyevi 1991-ci il sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə sədr vəzifəsinə seçdi. Güclü xarakterə, prinsiplərə sahib idi Heydər Əliyev, güclü siyasi bacarığından, nüfuzundan istifadə edərək Naxçıvan ərazisində ermənilərlə danışıqlar apardı, atəşkəsə nail oldu, Naxçıvan torpağının, xalqının ürəyində bir ümid qığılcımı yandırdı. Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanın Ali Məclisinə gətirərək dalğalandıran da Məhz Heydər Əliyev oldu.

Lakin paytaxt Bakı daxil olmaqla bütün bölgələrdə tüğyan edən xaos, böhran, hər gün cəbhədən evlərə gətirilən şəhid övladların nəşi, qədim Oğuz ərazilərimizin bir-bir əldən getməsi,insanlığa qarşı cinayət aktı olaraq qəbul olunan Xocalı faciəsinin törədilməsi həmin dövrün real mənzərəsi idi. Bir tərəfdən Qırmızı imperiyanın, erməni azğınlarının , digər tərəfdən Xalq cəbhəsi-Müsavat cütlüyünün hakimiyyətdə olarkən dövlət mexanizmini iflic vəziyyətə salması, iqtisadi-siyasi böhranın Kəlbəcər, Füzuli, Cəbrayıl və s. rayonlarımızın əldən getməsi ilə nəticələnməsi, cənub bölgəsində Talış-Muğan Respublikası yaratmaq istəyi kimi neqativ hallar Vətənin, xalqın qüdrətli Liderə, möhkəm ələ, vahid Azərbaycançılıq ideologiyasını yaradacaq şəxsə ehtiyacı olması demək idi. Xalq həmin şəxsin kim olduğunu bilirdi və iradəsinə hakim olaraq Xilaskarın doğma Vətənə gəlməsinə nail oldu: həmin şəxs Heydər Əliyev idi. Özünün də dediyi kimi, hakimiyyətə vəzifə üçün deyil, xalqını fəlakət silsiləsindən, daxili hərcmərclikdən, parçalanmaq qorxusundan, hər gün axıdılan şəhid qanlarından xilas etmək üçün gəldi. Xalqın "Bizi bu bəladan xilas et!" çağırışı cavabsız qala bilməzdi. Müstəqil idi Azərbaycan, ancaq onun gəlişi ilə bu müstəqilliyi sözdə deyil, əməli fəaliyyətdə, real inkişafda, əmin-aman həyat tərzində tapdı xalqımız.

1992-ci il oktyabrın 16-da "Səs" qəzeti vasitəsilə 91 nəfər tanınmış Azərbaycan ziyalısı ona müraciət edərək böyük siyasətə qayıtmağı xahiş etdi. Azərbaycanın bütün ziyalı şəxslərinin Heydər Əliyevi Azərbaycanın xilaskarı olaraq görmək arzusu, nəhayət, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması ilə nəticələndi. 1993-cü il iyunun 3-də Naxçıvandan Bakıya gələn Heydər Əliyevin iyun ayının 15-də Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçilməsi, 1993-cü il oktyabrın 3-də isə səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçilməsi ilə MÜSTƏQİL AZƏRBAYCANIN həyatında dönüş mərhələsi, tərəqqi erası başlandı. Təbii ki asan olmadı... Məhəmməd Peyğəmbərin dediyi kimi: "Cənnət qılıncların kölgəsindədir" və bu cənnəti qurmaq, yaratmaq üçün qılıncların altından keçmək labüd idi... Uğur silsiləsi başlandı; Uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəs əldə edildi, 1994-cü ilsentyabrın 20-də Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan, Azərbaycan xalqının həyatında qlobal əhəmiyyətə malik "Əsrin müqaviləsi" imzalandı. Bu illərin özündə belə Ulu Öndər Azərbaycan xalqının müstəqilliyini boğmağa çalışanlara qarşı mübarizə aparırdı: Müstəqil və bölünməz Azərbaycan naminə !

Heydər Əliyevin rəhbərliyi və xalqın referendumu nəticəsində 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Zaman bu qanunun nə qədər kamil sənəd olduğunu təsdiqlədi. Müstəqil dövlətimiz öz mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalandı və Azərbaycan xalqı öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazandı. Bu coşqun fəaliyyət, ağır iş qrafiki mükəmməl və müstəqil Azərbaycan naminə idi. Azərbaycan Respublikasının Prezidenti olaraq fəaliyyət göstərdiyi 10 illik müddətdə Azərbaycan intibahının qızıl dövrünü yaşadı, çox dövlətlərin heyranlığına səbəb olaraq sürətli və universal inkişafa qədəm qoydu. Öz təbirincə desək: "Mən Azərbaycanda əbədiyəm" deyərək Azərbaycan Heydər Əliyevin şah əsəri oldu. 50-ci illərdə mürtəce ədəbiyyat elan olunaraq oxunması qadağan edilən "Kitabi-Dədə Qorqud" dastanı layiq olduğu ali dəyəri aldı, YUNESCO səviyyəsində 1300 illik yubileyi qeyd edildi. Hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, dilinin, ziyalısının hamisinə çevrildi. Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü ikinci dəfə təkrarlana biləcək "37-ci il repressiyası"ndan xilas etdi.Onlarla Azərbaycan ziyalısının – N,Gəncəvi, M.Füzuli, İ. Nəsimi, N.Tusi, M.P.Vaqif, Aşıq Ələsgər, S.Vurğunun yubiley və əsərlərinin nəşrini həyata keçirdi.Azərbaycan romantizminin banisi, cəmi 59 il ömür sürmüş Hüseyn Cavidin nəşini İrkutsk vilayətindən Naxçıvana gətirərək orada dəfn etdirdi. Vətəninə aid hər məqamda diqqətcil olan Ümummilli Lider Ana dilinə münasibətdə də mühafizəkar oldu. 1918-ci ildən 1995-ci ilə qədər mütəmadi olaraq adı dəyişikliyə uğrayan dilimiz, nəhayət, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan konstitusiyada Azərbaycan dili adlandırıldı.2001-ci il 9 avqust tarixi "Azərbaycan əlifbası və Azərbaycan dili Günü" təsis edildi.

Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük Mustafa Kamal Atatürkün dediyi " Milli mənşəyi olmayan xalqlar başqa millətlərin ovudur",- fikrinə təsdiq olaraq Heydər Əliyev əsasında türkçülük, islamçılıq və müasirlik olan milli ideologiyanın əsasını qoydu.

Heydər Əliyev təbiətcə daim gənc insan idi, tükənməz enerji, hər kəsi heyrətləndirəcək dinamizm, yenilikçi olan Lider həm də Azərbaycan gəncliyinin ən yaxın dostu, şəxsi örnək nümunəsi idi. Buna görə də onun 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ilə Dövlət Gənclər Siyasəti formalaşdı, Gənclər və İdman Nazirliyi yaradıldı.

Heydər Əliyev Azərbaycan gəncliyini Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, dövlət müstəqilliyini müdafiə edə bilən qüvvə kimi dəyərləndirirdi. 1996-cı il fevral ayının 2-də keçirilən Gənclər Forumunun ardınca 1999, 2003, 2005, 2008,2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərin həyatında mühüm dönüş yaratdı, azərbaycançılıq ideologiyasının ən yüksək amal olduğunu anlatdı.

1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün aparıcı siyasi təşkilata çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin çoxluq təşkil etməsi Heydər Əliyev diqqətinin, qayğısının ən gözəl nümunəsidir. Bu gün də bu ənən-diqqət, qayğı davam edir və Yeni Azərbaycan Partiyasının 600 min üzvünün 40% -ni gənclər ordusu təşkil edir. Bəli, Heydər Əliyev dühası, Liderliyi Azərbaycanda əbədidir. Nə qədər ki, Müstəqil Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də olacaq, onun adı Azərbaycanın özü qədər əbədi olacaq.

Bu gün Ümummilli Lider Heydər Əliyev siyasəti layiqli davamçısı oktyabr ayının 9-da 84,55% səs çoxluğu ilə xalqın etimadını qazanaraq yenidən lider seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində uğurla davam etməkdədir. Hal-hazırda Ulu Öndər Heydər Əliyevlə başlanan intibah Prezidentimiz cənab İlham Əliyevin şəxsində məntiqi davamını tapmış və zamanın sürət həddini dəf edəcək qədər universal və dinamikdir. Prezidentlik fəaliyyətinin 10 ilində "Güclü Azərbaycan – Güclü Lider" reallığının şahidi olduq. Azərbaycan elmi, mədəniyyəti, təhsili, səhiyyəsi, daxili-xarici siyasəti, beynəlxalq əlaqələri görünməmiş tərəqqiyə qədəm qoydu. Bu inkişafa "DAVAM!" – deyən xalq builki seçkilərdə də alternativi olmayan namizədinə, onun real əməli fəaliyyətinə, Güclü Azərbaycanın daha parlaq gələcəyinə səs verdi. Xalq bir daha sübut etdi: O,öz liderini tanıyır, ona güvənir. Güclü Azərbaycan isə Güclü Lider deməkdir! Bir dəfə hakimiyyətdə olan, lakin xaotik qruplaşmadan başqa heç bir mahiyyəti olmayan müxalifət isə bu günün real Azərbaycanına gərək deyil.

Xalqın nümayəndələri arasında Prezidentimizi dəstəkləyən bizlər – gənclər ordusu da vardı, yaşı müstəqilliyimizlə yaşıd olan Azərbaycan gəncliyi. Dövlətə, dövlətçiliyə xidməti həyat qayəsi olaraq qəbul edən, hər zaman dövlətinin qayğı-diqqətini görən, onun üçün dəyərli olduğunu bilən gənclər ordusu! Müstəqil və lider Azərbaycan gəncliyi Prezidentinin daxili-xarici siyasətini dəstəklədiyini, onunla bir olduğunu bütün dünyaya bəyan etdi. Gənclərin öz bilik-bacarıqlarını, təbii potensialını Vətənə yararlı şəkildə reallaşdırmasını, cəmiyyətdə layiqli yerlərini tutmasını təmin etmək üçün cənab İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycan Respublikasının Dövlət Gənclər siyasəti nəticəsində 2003-cü ildən təhsil sistemimizin dünya standartları səviyyəsinə qaldırılması üçün 16 Dövlət Proqramının imzalanması, "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" adlı Proqramlar məhz müstəqil gəncliyin real inkişaf istiqamətinə hesablanmışdır.

On illik tərəqqi gənclər sahəsi ilə bərabər ölkədə bütün sahələri əhatə etmişdir. Nəticədə 2003-2013-cü illərdə ölkə iqtisadiyyatı 3,4 dəfədən çox artmış, Azərbaycan iqtisadi inkişaf tempinə görə müasir dünyada lider dövlətə çevrilmişdir. Orta əmək haqqı 5 dəfə, orta pensiya 9 dəfə, sosial müavinət 7 dəfə artmışdır. Yoxsulluq 6 %-ə, işsizlik 5,2 faizə düşmüşdür. On il ərzində təhsilə büdcə ayırmalarının həcmi 6 dəfədən çox artmış, 2500-ə yaxın məktəb inşa edilmiş, səhiyyəyə büdcə ayırmalarının həcmi təxminən 11 dəfə artmış, 500-dən çox tibb müəsssisəsi, 58 Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər istifadəyə verilmişdir. AZERSPACE – 1 adlı süni peykimizin orbitə buraxılması isə hələ çox möhtəşəm yeniliklərin, uğur yolunun qarşıda olması deməkdir .Yol isə QƏLƏBƏYƏ aparır, çünki Tanrının qoruduğu və xalqın dəstəklədiyi Vətən və Lider birmənalı olaraq qalibiyyət uğuruna layiqdir.

Əbədi müstəqilliyin və Qələbələrin mübarək , Azərbaycanım !

Lamiyə Cəlilova

YAP Sabunçu rayon Təşkilatı

Gənclər Birliyinin sədr müavini

yap.org.az

Digər xəbərlər