PDF Oxu

Siyasət

  • 23

Zahid Oruc: "Rusiyanın daxili işlər naziri Azərbaycan xalqından üzr istəməlidir"

Zahid Oruc: "Rusiyanın daxili işlər naziri Azərbaycan xalqından üzr istəməlidir"

"Rusiyada baş verən hadisə kifayət qədər yüksək səviyyədə hazırlanan anti-azərbaycan provokasiyasının tərkib hissəsidir. İki şəxs arasında baş verən ictimai hadisənin bu dərəcədə milliləşdirilməsi, hadisənin iki dövlət arasındakı problem səviyyəsinə qaldırılması göz önündədir. Rusiyada bu kimi ölüm halları tez-tez baş verir. Hətta iki rus vətəndaşı arasında bu cür qarşıdurmalar olur. Lakin məsələnin rus mətbuatında bu cür qabardılması, az qala Azərbaycanın obrazı kimi qələmə verilməsi hər birimizi ciddi düşünməyə vadar etməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun məsələsini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Rusiya böyük məmləkətdir və orada müxtəlif xalqlar yaşayır: "Bu hadisə gözümüzü qorxutmaqdan çox, digər millətlərin ruslarla yaşamasının nə qədər təhlükəli olduğunu göstərmiş oldu. Bu prosesin arxasında həddindən artıq böyük siyasi maraqlar və planlar dayanır. Bir müddətdən sonra mərkəzdən tapşırıq gələcək və sabitlik yaranacaq. Lakin bundan sonra biz arxayın olmadan Orxan Zeynalovun diplomatik müdafiəsini, vəkillə təmin olunmasını həyata keçirməliyik. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun "Dojd" telekanalına verdiyi müsahibəsindən sonra neqativ mühit, Azərbaycana qarşı olan atmosfer tamamilə alt-üst oldu".

"Cinayəti sübut olunmamış birinə qarşı bu cür təzyiqlərin olunması yolverilməzdir. Rusiyanın güc qüvvələri öz güclərini nümayiş etdirmək üçün belə bir teatr səhnəsi yaratdılar. Hər kəs bilir ki, Rusiyada cinayətin faiz artımı olduqca yüksəkdir. Digər tərəfdən Daxili İşlər Nazirliyinin hərəkəti Rusiyanın hüquq məmləkəti olması düşüncəsinə böyük zərbə vurdu. Belə hərəkət sadəcə siyasi hakimiyyətin yüksək zirvəsində əyləşənlərin acizliyi idi. Orxan Zeynalovun üzərində planlaşdırılmış iş var. Təbii ki, bu işin rejissorları da film fondlarında əyləşməyib. Onlar daha yüksək məqamlarda dayanıblar. Bu hadisə sadəcə bazar uğrunda mübarizə deyil. Hər kəs də bilir ki, miqrantlar tərəfindən Rusiya iqtisadiyyatına verilən töhfələr başqa ölkə xalqları tərəfindən verilə bilməz" – deyə, Zahid Oruc məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Millət vəkili, həmçinin Azərbaycan vətəndaşının qanuna zidd şəkildə döyülərək alçaldılması məsələsinə də aydınlıq gətirib: "Bir şəxsin o cür təzyiqlərlə avtobusa mindirilməsi, iki vertolyot dəyişməklə Daxili İşlər Nazirliyinə gətirilməsi ilə Rusiya kimin üzərində güc nümayiş etdirirdi? Axı Orxan Zeynalov terrorist deyil! Rusiya nə gündədir ki, bazarda ticarətlə məşğul olan birisi üçün bütün ölkənin güc strukturlarını bu məsələyə səfərbər etmişdi! Əgər o, həqiqətən də cinayət törədibsə, bu, hüquq çərçivəsində həll olunmalıdır. Rusiyanın Daxili İşlər Nazirliyi bu fonda Azərbaycan əleyhinə rəvac verdiyi üçün ölkəmizdən, o cümlədən xalqımızdan üzr istəməlidir.

sia.az

Digər xəbərlər