"Həmyerlimiz Orxan Zeynalova qarşı edilənlər Rusiyanın iqtisadi sferadan azərbaycanlıları sıxışdırmaq üçün əvvəlcədən düşünülən addımı idi". Bu sözləri SİA-ya millət vəkili Fazil Mustafa Rusiyada baş verən məlum olaylara münasibət bildirərkən deyib. O bildirib ki, Rusiyanın bu cür reaksiya göstərməsi süni, hüquqa zidd addımdır.Onun sözlərinə görə, bu, Rusiyanın özü üçün çox təhlükəlidir: "Çünki millətlərarası münasibətlərin qızışdırılması, Rusiya üçün çox ciddi faciələrə səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, məsələ dayandırılmalıdır. Bütün hallarda bu cür məsələlərdə hüquqi mexanizmlər işə düşməlidir. Nazirin, günahı sübuta yetirilməyən bir insanı döyülərək otağında qəbul etməsi, çox acınacaqlı bir haldır. Bu məsələ Rusiyanın hüquqi dövlət olmadığını göstərən səhnədir. Rusiyanın bu cür reaksiyası təkcə Azərbaycana deyil, bütün qafqazlılara qarşı atılan addımdır. Burada əsas məsələ müəyyən qüvvələrin bazarları ələ keçirmək istəməsidir ki, onlar öz maraqlarını bu cür ifadə edirlər. Bu bir bəhanə idi və müxtəlif yolla nümayiş oluna bilərdi".Məsələnin əvvəlcədən hazırlandığını dilə gətirən millət vəkili qeyd edib ki, Rusiya miqrasiya siyasətini tənzimləməkdə çətinlik çəkir: "Bununla da Rusiya iqtisadi sferada rusların daha üstün mövqeyə gəlməsini təmin etmək stəyir. Burada əsas məqsəd çalışqan insanları sıradan çıxarmaq, rusların mövqelərini möhkəmləndirməkdir. Lakin Rusiyanın bu addımı çox uğursuz idi, çünki, iqtisadiyyatda bu cür həmlələr keçmir".Qeyd edək ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Şəmkir sakini Orxan Zeynalov oktyabrın 15-də saxlanılaraq istintaqa cəlb olunub.
sia.az