"Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu Avropa qitəsində çox böyükdür. Azərbaycan 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib". Bu fikirləri Milli Məclisin deputatı, AVONEST PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov deyib.
F.Muradov bildirib ki, 2006-cı ilin noyabr ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozunun Brüsseldə imzaladığı "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib. Onun fikrincə, bu amil yeni ixrac imkanlarını inkişaf etdirmək zərurəti yaradır. Bu baxımdan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında imzalanan TANAP layihəsinin reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
"Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçiriləcək. "Şahdəniz" qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir. TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən "Cənub qaz dəhlizi"ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır"-deyə, F.Muradov qeyd edib.
yap.org.az