"9 oktyabr tarixində Azərbaycanda ədalətli, şəffaf və bütün demokratik normalara, Avropa və dünya dəyərlərinə söykənən prezident seçkiləri keçirildi". Bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının iradəsinin ifadəsini bütövlükdə əks etdirmiş oldu. Onun sözlərinə görə, 1993 və 2003-cü illərdən öz müdrik seçimini edən Azərbaycan xalqının ölkə Prezidenti İlham Əliyevə olan inamı, etimadı bu seçkilərin nəticəsində bir daha üzə çıxdı. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının cənab İlham Əliyevi dəstəkləməsinin əsasında isə son 10 il ərzində gedən fundamental dəyişikliklər, hər bir vətəndaşın həyatında baş verən pozitiv məqamlar dayanır. Millət vəkili bildirib ki, 9 oktyabr seçkilərini təxminən 50 mindən çox yerli, 1400-ə qədər beynəlxalq müşahidəçi izləyib. S.Qafarovanın qeyd etdiyinə görə, ümumilikdə götürəndə 9 oktyabr seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilərin seçkilərin gedişi və nəticələri ilə əlaqədar səsləndirdikləri rəylər, fikirlər qaneedicidir: "Beynəlxalq müşahidəçilərin rəylərini də iki hissəyə bölmək olar: seçkiləri qərəzsiz, obyektiv izləyib, nəticələr haqqında ədalətli fikir söyləyənlər və seçki prosesinə müəyyən konyuktura baxımından yanaşaraq, nəticələri məhz bu konyuktura prizmasından dəyərləndirmək istəyənlər. Onu da qeyd etmək istəyirəm ki, beynəlxalq müşahidəçilərin əksəriyyətinin ölkədə keçirilən səsvermə ilə bağlı rəyi birmənalı şəkildə kifayət qədər yüksək olub. Onların verdiyi bəyanatlar seçkilərin kifayət qədər ədalətli, şəffaf və demokratik prinsiplərə əsaslanaraq keçdiyini əks etdirir. Bura şəxsən özümün də təmsil olunduğum AŞPA, o cümlədən, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların bəyanatları aiddir. Əlbəttə tənqidi fikirlər səsləndirənlər də oldu. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəyini qeyd etmək olar. Amma mənə elə gəlir ki, ümumilikdə beynəlxalq təşkilatların seçki ilə bağlı rəyini qiymətləndirməli olsaq, bütövlükdə yanaşma müsbətdir".
Azərbaycanın ATƏT-in üzvü olduğunu, qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq etdiyini xatırladan millət vəkili bildirib ki, Azərbaycan müəyyən şərtlər daxilində bu əməkdaşlığın səmərəliliyini qeyd edir: "Amma təbii olaraq, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı qeyri-obyektivlikdən əl çəkə bilməsə, ikili standartlar xəstəliyindən xilas ola bilməsə, təbii ki, istər-istəməz, bu qurumla Azərbaycanın əməkdaşlığının nə dərəcədə milli maraqlarımıza uyğun olması sualı ortaya çıxacaq və bu suala cavab axtarılmalı olacaq".
yap.org.az