"Çox təəssüf ki, Rusiyada şovinizm yenidən yüksəlib və rusların şovinist millətçi dairələri azərbaycanlılara qarşı hədsiz dərəcədə böyük bir təbliğat kampaniyası aparır". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli Rusiyada baş verən məlum hadisələrə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Rusiyanın ölüm faktına görə ölkəmizə bu cür təzyiq etməsi, əvvəlcədən planlaşdırılan aksiyaya daha çox bənzəyir: "İstənilən cinayətkarın da müəyyən hüquqları var. O, fiziki təzyiqə məruz qalmamalı, günahı sübut edilənə qədər vəkillə təmin olunmalı və ona normal, insanı münasibət bəslənməlidir. Sübut edilməyən bir fakt əsasında orada yaşayan və ya ticarətlə məşğul olan minlərlə azərbaycanlının hüquqları tapdanıb, 1200 nəfər günahsız olaraq həbs edilib, minlərlə insanın malı, mülkü talan edilərək dağıdılıb və ən əsası onların iş yerləri bağlanıb. Bu da o deməkdir ki, Rusiyada həmyerlilərimizə qarşı kampaniya aparılır. Azərbaycanlıların Moskvadan, hətta Rusiyadan çıxarılması, viza rejiminin tətbiqi ilə əlaqədar təkliflər irəli sürülməyə başlanılıb. Bu xoşagəlməyən kampaniyada siyasilərin, deputatların, elm adamları və digərlərinin də iştirak etməsi onu göstərir ki, bu məsələ əvvəlcədən planlaşdırılmış aksiyadır. Əgər cinayət həqiqətən də Orxan Zeynalov tərəfindən törədilibsə, onun motivləri tam aydınlaşdırılmalı, sübutlar əsasında isbata yetirilməlidir".Məsələnin içərisində siyasi çalarların olduğunu dilə gətirən Q. Hüseynli deyib ki, bu yolla Rusiya Azərbaycandan hansısa güzəştlər qoparmağa çalışır: "Orada heç bir günahı olmayan azərbaycanlılara qarşı aparılan irimiqyaslı kampaniya dayandırılmalıdır. Görün iş nə yerə çatıb ki, məsələ ilə ölkənin daxili işlər naziri şəxsən məşğul olur. Bütün bunlar onun göstərir ki, işin içərisində siyasi çalarlar var. Bu məsələ o qədər qabardılıb ki, burada Rusiya siyasi elitasının marağı olduğu aydın görünür. Bu yolla Rusiya Azərbaycandan hansısa güzəştlər qoparmağa çalışır. Belə ki, Rusiya adi ölüm faktını dövlətlərarası münasibətdəki problemə çevirməyə çalışır".
sia.az