"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursu sayəsində Azərbaycan ötən 10 ildə çox böyük uğurlar əldə etdi. Azərbaycan Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasət nəticəsində uğurla inkişaf edir. Bütün bunların sayəsində bu seçkilərin də favoriti cənab İlham Əliyev idi və dövlətimizin başçısı növbəti dəfə qələbə qazandı". Bu fikirləri yap.org az saytına Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
B.Muradova bildirib ki, seçki kampaniyası zamanı Yeni Azərbaycan Partiyası hər bir Azərbaycan vətəndaşına istiqamətlənmiş seçki taktikasına istinad etdi. Onun sözlərinə görə, bütün bölgələrdə çoxsaylı görüşlərin keçirilməsi, vətəndaşlarla bilavasitə ünsiyyətin yaradılması xüsusi olaraq vurğulanmalıdır. Seçicilərin isə keçirilən görüşlərə böyük ruh yüksəkliyi ilə qatılması Yeni Azərbaycan Partiyasının və partiyamızın Sədri cənab İlham Əliyevin cəmiyyətdəki nüfuzunun göstəricisidir.
"Qeyd edim ki, növbəti 5 ilin prioritetləri cənab İlham Əliyevin seçki günü xalqa müraciətində öz əksini tapdı. Şübhəsiz, növbəti 5 ildə də mühüm uğurlar əldə ediləcək, çünki qarşıya qoyulan prioritetlər, həyata keçirilən düzgün siyasət bunu şərtləndirir. Ümumiyyətlə, daxili siyasətdə əldə edilən nailiyyətlər xarici siyasətin uğurları ilə müşayiət olunur. Azərbaycan müstəqil xarici siyasət yeridir və ölkənin milli maraqları hər şeydən üstün tutulur. Bu gün Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edir. İnanıram ki, Azərbaycanın uğurlu xarici siyasəti bundan sonra da davam edəcək, qarşıya qoyulan bütün məqsədlər gerçəkliyə çevriləcək. Bizim əsas hədəfimiz Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qoşulmasıdır"- deyə, vitse-spiker vurğulayıb.
yap.org.az