"Bu gün müstəqilliyimizin 22-ci ildönümünü qeyd edirik. Bu çox tarixi bir hadisədir. Xalqımız 1991-ci ildə dövlətimizin müstəqilliyini bərpa etdi. Müstəqilliyimizi bərpa etdikdən sonra qarşımızda çox ciddi vəzifələr dayanırdı. Birincisi, müstəqil dövlət quruculuğu, ikincisi bu dövlətin iqtisadi sisteminin yaradılması, üçünçüsü onun hüquqi sisteminin yaradılması, dördüncüsü Ermənistanın davam edən hərbi təcavüzünün qarşısı alınaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, beşincisi Azərbaycan xalqının milli-psixoloji durumunun yeni dövrə uyğun şəkildə təmin edərək elmimizi, mədəniyyətimizi, təhsilimizi inkişaf etdirmək, müasir Azərbaycan quruculuğunu həyata keçirməkdən ibarət idi". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu siyasəti reallaşdırmaq çox ciddi addımlar atılmasını tələb edirdi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan dairələr bu siyasəti həyata keçirə bilmədilər. Hətta ölkəni ağır vəziyyətdə qoyub hakimiyyətdən uzaqlaşdılar. Millət vəkilinin sözlərinə görə, o dövrdə Azərbaycan xalqının ümidi olan Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi böyük fəlakətlərdən xilas etməklə onun qarşısında duran vəzifələrin həlli üçün əlverişli perspektivlər yaratdı.
"Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində milli müstəqilliyimizi təmin etdik. Bu təminat altında bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti davam edir. Müstəqilliyimizin 22 ilində biz BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkəyə çevrildik, bütün sahələr üzrə böyük nailiyyətlər əldə etdik. Ermənistan üzərində on dəfə çox iqtisadiyyata malik olduq. Bu müstəqillik illərində, son 10 ildə Prezident İlham Əliyevin siyasəti ilə Azərbaycanda yoxsulluğu aşağı səviyyəyə saldıq, bölgədə Azərbaycanı lider dövlətə çevirdik, ən güclü orduya malik olduq və bütün bu uğurlarımız bundan sonra da davam edəcək. Azərbaycanın iqtisadiyyatı bu gün Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir. Və ölkəmiz bölgənin ən güclü dövlətidir. Prezident seçkilərinin nəticəsi də göstərdi ki, xalq ölkəmizi irəli aparan siyasi xətti birmənalı müdafiə edir və bundan sonra da edəcək"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
yap.org.az