"Müstəqilliyimizin ikinci dəfə bərpa edilməsi mühüm tarixi hadisə idi". Bu sözləri SİA-ya tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı 18 oktyabr- Dövlət Müstəqilliyimizin Bərpası günü ilə bağlı danışarkən deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra tarixdə çox əhəmiyyətli hadisələrlə yadda qalıb: "1991-ci ildən ölkəmizin keçdiyi yol bir çox ölkələrin keçdiyi yüz ilə bərabərdir. Belə ki, 1991-ci ildən sonra Azərbaycan dövlət kimi formalaşdı. Müasir Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyev oldu. 2003-cü ildən sonra isə müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ başlandı. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasirləşməsi, rəqabətə davamlı bir ölkəyə çevrilməsi, əhalinin sosial rifahının, həyat səviyyəsinin yaxşılaşdırılması, ölkəmizin bütün sahələrdə inkişafı dövrü başlandı. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xüsusi hal idi. Hazırda ölkəmiz elə bir inkişaf mərhələsindədir ki, müttəfiqlərimiz artıb. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxalıb. Azərbaycanın dövlət müstəqilliyi hər bir azərbaycanlının sərvətidir. Hesab edirəm ki, dövlət müstəqilliyimizin davamlı olması üçün ölkə başçısının rəhbərliyi altında yürüdülən siyasət bundan sonra da davam etdirilməlidir".
sia.az