PDF Oxu

Siyasət

  • 32

2014-cü ilin dövlət büdcəsi Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsini təmin edəcək

2014-cü ilin dövlət büdcəsi Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsini təmin edəcək

İlham Əliyev: "Mən şübhə etmirəm ki, bundan sonrakı illərdə də, onilliklər bundan sonra da siyasi xəttimiz dəyişməz olaraq qalacaqdır"

Bəlli olduğu kimi, artıq Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi hazırdır və aparılan müzakirələrdən bir daha təsdiq olunur ki, dövlətinmizin əsas məqsədi xalqımızın daha firavan və daha inkişaf edən ölkədə yaşamasından ibarətdir. Eyni zamanda büdcənin qəbul olunması həm də xalqımızın sosial həyatında daha əhəmiyyətli rol oynayacaq. Məhz bu səbəbdən vurğulamaq mümkündür ki, bu günə qədər qəbul edilən dövlət büdcələrinin hər birinin əsasında xalq və vətəndaş amili dayanmışdır.

Onu da qeyd etmək mümkündür ki, 2014-cü il üçün qəbul olunacaq dövlət büdcəsi 25 milyard manatdan çox olacaq. İqtisadi analitiklərin fikrincə, bu göstərici büdcənin xərclər hissəsidir, gəlirlər isə bundan az olacaq. Analitiklər eyni zamanda onu da qeyd edirlər ki, yaxın gələcəkdə sığorta yığımları da arta bilər ki, bu yığımlar 1 milyard manat ola bilər. Artıq 2020-ci ildə adambaşına düşən sığorta haqqının 120-130 manata qalxması isə bir reallıq kimi təzahür olunur. Əgər nəzərə alsaq ki, 2020-ci ildə ÜDM iki dəfə, sığorta haqları iki dəfədən çox artacaq, bu, o deməkdir ki, 2020-ci ildə adambaşına sığorta haqqı 120-130 manata qalxacaq.

"Bizim tərəfimizdən irəli sürülmüş layihələr-enerji layihələri, iqtisadi layihələr, siyasi təşəbbüslər ölkəmizin uzun illər, onilliklər bundan sonra da uğurlu inkişafını təmin edəcəkdir. Təki siyasi xətt dəyişməz olaraq qalsın və mən şübhə etmirəm ki, bundan sonrakı illərdə də, onilliklər bundan sonra da siyasi xəttimiz dəyişməz olaraq qalacaqdır. Çünki son 20 il ərzində görülən işlər və müstəqilliyimizin tarixi sübut edib ki, bu, yeganə düzgün siyasətdir, yeganə düzgün yoldur."

Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında böyük əminliklə söylədiyi bu fikirlər müstəqil Azərbaycanımızın keçdiyi inkişaf yolunun ümumiləşdirilmiş təhlili və qarşıdakı illər üçün vəzifələrin müəyyənləşdirilməsi anlamını daşıyır.

Beləliklə, dövlətimizin qazandığı uğurların fonunda bu reallıq özünü kifayət qədər qabarıq şəkildə büruzə verir ki, nəinki ölkə, eyni zamanda, beynəlxalq ictimaiyyət atılan addımları yüksək dəyərləndirir, gələcəyə böyük inamla baxırlar. Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia" jurnalınin ölkə Prezidenti İlham Əliyevi "İlin adamı" elan etməsi, ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən "Gallup İnternational" təşkilatının ənənəvi olaraq keçirdiyi "Qlobal sevinc və kədər barometri" sorğusuna əsasən Azərbaycanın dünyanın ən xoşbəxt 10 ölkəsi arasında yer tutması, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" Hesabatında Azərbaycanın rəqabətlilik reytinqinə görə 7 pillə irəliləyərək 39-cu yerə layiq görülməsi, dünyanın tanınmış beyin mərkəzi-Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın son on illik dövr ərzində keçdiyi inkişaf yolunu təhlil edən "Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq" adlı hesabat, ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə görə 2005-2011-ci illər ərzində 25 pillə irəliləyərək yüksək insan inkişafı ölkələri qrupu sırasına qoşulması, İtaliyanın məşhur beyin mərkəzi-Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatı və s. kimi reallığı özündə əks etdirən addımlar həyata keçirilən siyasətin düşünülmüş və məqsədyönlü olduğunu təsdiqləməklə yanaşı, Cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində qələbəsinin şəksizliyini də nümayiş etdirir. Qeyd olunan jurnalda "İlham Əliyev: İlin adamı", "Əliyev erası: Azərbaycanın qızıl dövrü", "İlham Əliyev builki prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədidir", "Sosial təminatlar və yüksək maaşlar Azərbaycanda yoxsulluğu azaltmışdır", "Dünya Bankının Azərbaycana sualı: Yoxsulluğun azaldılmasına necə nail olmaq mümkündür?", "İqtisadiyyatın şaxələndirilməsi yolları" və digər məqalələrdə əksini tapan faktlar dünyanın ölkəmizdə həyata keçirilən siyasəti və əldə olunan uğurları diqqətlə izlədiyini və düzgün dəyərləndirmə aparmağa səy göstərdiklərini də təsdiqləyir.

Son on ilin mühüm iqtisadi nailiyyətlərindən biri də büdcə gəlirlərinin dəfələrlə artmasıdır. Belə ki, 2003-cü ildə dövlət büdcəsinin gəlirləri bir milyard 220 milyon manat, xərcləri isə bir milyard 266 milyon manat təşkil etmişdir. Cari il üçün dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat nəzərdə tutulmuşdur ki, 2013-cü illə müqayisədə 20 dəfə çoxdur. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanın 2013-cü ilə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin həcmi 4,9 milyard dollar, Ermənistanda isə 2,6 milyard dollar səviyyəsindədir.

Göründüyü kimi, zəngin təbii resurslara malik olan Azərbaycan bu ehtiyatlardan səmərəli istifadə edərək iqtisadi qüdrətini və maliyyə imkanlarını günbəgün artırır. Bu gün BTC və BTƏ neft-qaz layihələrinin regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyət kəsb etməsi, Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanması, ölkəmizin iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir. Uğurla başa çatan layihə növbəti layihə üçün stimul rolunu oynayır.

Onu da qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi şaxələndirmə siyasəti bütün beynəlxalq tədbirlərdə, keçirilən görüşlərdə təqdir olunur. Regional inkişaf proqramlarının uğurlu icrası, hər bir sahə üzrə konkret proqramların mövcudluğu və onların xalq tərəfindən dəstəklənməsi müsbət hal kimi dəyərləndirilir. Qeyd edilir ki, dünyanı bürümüş iqtisadi böhranın Azərbaycana heç bir təsir göstərməmişdir. 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı imkanlara malik olduğunu ortaya qoydu. 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9,3 faiz, 2010-cu ildə 5 faiz olmuşdur. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan bütün çətinliklərdən uğurla çıxır. Ölkədə istər enerji sahəsində, istərsə də qeyri-neft sektorunda, xüsusilə də təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirilir. Bu da ondan irəli gəlir ki, ölkənin hərtərəfli inkişafı üçün tədbirlər kompleks şəkildə həyata keçirilir. Xüsusilə qeyd etmək mümkündür ki, bu uğurlarda ölkəmizdə mövcud ictimai-siyasi sabitlik əhəmiyyətli rol oynayır. Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılmışdır. Uğurlar onu təsdiqləyir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etməkdir. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi də bunun təsdiqidir ki, insan amilinə dövlətin siyasətində xüsusi önəm verilir.

Təbii ki, bu uğurlarda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu bu partiya hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. Bu, partiyanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Partiyanın ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanması da bunun təsdiqidir. Azərbaycanın son on ildə qazandığı uğurlar təkcə Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün deyil, xalqın böyük əksəriyyətinin namizədi olan Cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində qələbəsini şəksiz etdi. Azərbaycanın hərtərəfli inkişafı reallıqdır. Ölkəmizdə artıq yeni mərhələ, kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsi başlamış və dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın, proqnozlaşdırılmış mənzərəsini ortaya qoyur. Əsas məqsəd ölkənin qüdrətini daha da artırmaq, sosial rifahı yaxşılaşdırmaq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək, dövlətin daha güclü, daha qüdrətli olmasıdır ki, məhz 2014-cü il üçün qəbul olunacaq dövlət büdcəsinin müzakirələrindən də bəlli olur ki, özündə bu və bu kimi digər əhəmiyyətli faktorları kifayət qədər ehtiva edir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər