Azərbaycan Prezidentinin andiçmə mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev mərasimdə geniş çıxış etdi və növbəti 5 ildə görüləcək işlərdən danışdı. SİA-nın əməkdaşı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimovda məsələyə münasibət bildirməyi xahiş edib.
"Prezident İlham Əliyevin andiçmə mərasimində etdiyi çıxış bütöv bir 5 illik proqram idi. Dövlət başçısının növbəti 5 ildə görəcəyi işlər, həyata keçirəcəyi iri layihələr cəmiyyətin bütün sahələrini əhatə edəcək. İqtisadiyyatımızın inkişafı, sosial problemlərin həlli, təhsil, səhiyyə sahəsində görüləcək işlər, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bu çıxışda öz əksini tapdı". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov deyib.
K.Kərimov bildirib ki, Azərbaycan növbəti beş ildə daha sürətlə inkişaf edəcək: "Buna bizim bütün mənalarda gücümüz çatır. Azərbaycan nəinki regionun, hətta Avrasiya məkanının ən sürətlə inkişaf edən ölkəsidir. İnanıram ki, Partiyamızın rəhbəri, Prezident İlham Əliyevin rəhbərliyi altında bu tempi qoruyub saxlayacaq və daha da inkişaf etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dəqiq tezislər söylədi. Və bir daha dünya ictimaiyyətinə Azərbaycanın haqq səsini bəyan etdi. Həmçinin Ermənistanın destruktiv mövqeyini də ifşa etdi. İnanırıq ki, Prezident İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyik".
sia.az