"23 oktyabr tarixində AGAT olaraq Londonda "Azərbaycanın Avropaya İnteqrasiyası Modeli" mövzusunda Forum həyata keçirəcəyik. Uzun müddət öncə planlaşdırdığımız bu layihə artıq gerçəkləşir". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib.Təşkilat sədrinin sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan reallıqlarının aşılanması, ölkəmizin uğurlu enerji siyasəti modeli barədə məlumat vermək, eyni zamanda Avropa - Azərbaycan münasibətləri barədə geniş diskussiya təşkil etməkdir: "Auditoroyanın əsasən ingilislərdən ibarət olmasını nəzərə alaraq qeyd etməliyəm ki, Forum çərçivəsində Böyük Britaniya və Azərbaycan münasibətlərinə yer veriləcək. Bu tip tədbirlər keçirilməklə AGAT həm də ölkəmizin lobbiçilik siyasətinə töhvə verərək, bunu avropalı insanlara çatdırır"."AGAT-ın belə tədbirlər keçirməsi artıq bir ənənəyə çevrilir. Keçən ilin iyun ayında Fransanın paytaxtı Paris şəhərində "Azərbaycanın Avropaya İnteqrasiyası prosesində perspektivlər və çağırışlar" mövzusunda konfrans həyata keçirmişdik. Bu konfranda iştirakçılar əsasən fransızlardan ibarət oldu. Nəticə etibari ilə bugünə kimi həmin iştirakçılar ilə səmimi dialoq şəraitində fəaliyyətimiz davam edir. Hətta bəziləri tədbirdən sonra Azərbaycana gəlib və digərləri isə Azərbaycanla bağlı Fransada tədbirlərə daha aktiv qoşulublar" – deyə, Gülsel Səfərova əlavə edib.AGAT sədri deyib ki, Forum AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin dəstəyi ilə keçirilir: "Tədbir London şəhərində yerləşən Kral Coğrafiya Cəmiyyətinin (Royal Geographic Society) binasında keçiriləcək. Ekpertlərimiz çoxşaxəli mövzulara toxunacaqlar. Belə ki, çıxışçılar arasında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (AR SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, SAM-ın aparıcı elmi işçisi, enerji üzrə ekspert Gülmira Rzayeva və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "TASİM/EuroCA" layihəsinin aparıcı mütəxəssisi Səbinə Həsənova var. Forumun sonunda sual-cavab sessiyasi olacaq. Burada tədbirə gələn xarici vətəndaşlar tərəfindən verilən suallara cavab veriləcək. Tədbirin sonunda iştirakçılardan ibarət facebook qrupu yaradılması nəzərdə tutulur. Bu da gələcək birgə fəaliyyətimizdə həm dayanıqlığı təmin edəcək, həm də əlaqələri daha da möhkəmləndirəcək. Forum zamanı məruzəçilər tərəfindən tədbir iştirakçılarına ölkəmizin son illər ərzində uğurlu inkişafı, Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin dinamikası, bu sahədə əldə olunmuş nailiyyətlər və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsinin potensialı və problemləri haqqında geniş məlumat verilməsi nəzərdə tutulur. Tədbirdə əsasən Böyük Britaniya ictimaiyyəti nümayəndələrinin, o cümlədən regionumuza maraq göstərən ekspertlərin, gənc fəalların, işgüzar dairələrin, QHT-lərin və Londonda akreditə olunmuş diplomatik korpusun təmsilçilərinin iştirakı gözlənilir. İnanıram ki, AGAT olaraq bu tədbiri uğurla başa vurub, ölkəmizin reallıqlarını layiqli şəkildə çatdıracayıq".
sia.az