"Heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa sədaqət andı içməsi və mühüm bir dönəmdə ölkə rəhbərliyinə davam etməsi, bizdə mühüm vəzifələrin gerçəkləşdiriləcəyinə inam yaradır. Ona görə ki, belə böyük dayağa malik olmaq hər hansı bir sahədə aparılacaq islahatların milli mənafelərimizə uyğunluğuna əminlik ifadə edir". Bunu SİA-ya millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin andiçmə mərasimində "Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu mövqenin və Ermənistanı bütün mənalarda beynəlxalq aləmdən təcrid etmək siyasətinin davam edəcəyini, Ermənistanın iqtisadi çökməsinə xidmət edən addımların atılmasının vacibliyi" haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, bununla da beynəlxalq münasibətlər sistemində Azərbaycanın uğurlu mövqeyini davam etdirmək mümkün olacaq: "Bunların sırasında xüsusi olaraq ölkə başçısı cənab İlham Əliyevin andiçmə mərasimində əsas mövzu ərazi bütövlüyünün təminatı idi. Əlbəttə ki, burada bütün gerçəklərin söylənilməsi çox çətindir və bu da əksər insanlarımız tərəfindən başa düşülür. Ötən dövr ərzində ölkə başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı danışıqlar zamanı bizim iradəmizi kəskin şəkildə ortaya qoyması, sərtlik nümayiş etdirməsi, həmçinin xarici təzyiqlərə qarşı müqavimət göstərməsi və s. bir faktdır. Əks halda, indiyədək Dağlıq Qarabağ saxta erməni dövlətçiliyinin tanınması istiqamətində müxtəlif addımlar atılardı və Azərbaycan başqa siyasi faktlarla üz-üzə qalardı. Məsələnin digər tərəfi isə ölkə başçısının andiçmə mərasimində açıq mətnlə Ermənistan rəhbərliyinin ünvanına səsləndirdiyi mesajlar idi".Zahid Oruc deyib ki, cənab İlham Əliyevin "Birmənalı olaraq erməni xalqının gələcəyini düşünürsünüzsə, Azərbaycan torpaqlarından çıxın" bəyanatının arxasında real iqtisadi, siyasi, diplomatik və hərbi güc dayanır: "Bu o deməkdir ki, ölkə rəhbəri sadəcə siyasi güc nümayişi ilə məhdudlaşmır, bununla paralel şəkildə verilən açıqlamaların davamı var. Bundan sonrakı dönəmdə Prezident Ermənistanın üzərinə gedişi daha fəal şəkildə stimullaşdıracaq. Ali Baş Komandanın "Azərbaycan heç zaman bu qədər nüfuzlu olmayıb" deməsi isə ölkənin bütün resurslarının müharibəyə hazırlığına əminliyinə işarədir".
sia.az