Sabir Rüstəmxanlı: "Öz biznesləri üçün Putinlə oturub danışırlar, amma bazar tikmirlər"
"Rusiya miqrantlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Buna görə də ölkəmiz Rusiyanın müstəmləkəsi olmağa yaxındır". SİA-nın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, son vaxtlar Rusiyada türk xalqarından olan miqrantlara qarşı təzyiqlər müşahidə olunur: "Rusiya əmək miqrasiyası ilə Azərbaycana təsir etmək imkanına malikdir. Belə halların qarşısını almaq üçün yaşayış səviyyəsi aşağı olan insanların işlə təmin olunması sahəsində dövlət proqramı hazırlanmalıdır. Ölkədə iş yeri azlığından insanlar bir tikə çörək pulu qazanmaq üçün xaricə üz tutur. Xüsusilə də regionlarda iş yerinin olmaması səbəbindən kişilər çayxanalarda siqaret çəkir, domino oynayır, qadınların əksəriyyəti isə işləmir".Digər millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında vurğulayıb ki, Rusiyada miqrantlara və azərbaycanlılara qarşı göstərilən təzyilqər məsələsi mütləq müzakirə olunmalıdır: "Bir müddət öncə Milyarderlər İttifaqı bir yerə yığışıb maraqlı bəyanatlar səsləndirirdilər. Onlar öz biznesləri ilə bağlı Vladimir Putinlə oturub danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Xahiş edirəm, bu məsələ parlamentdə müzakirə mövzusu olsun. Bununla yanaşı, Rusiyada son günlərdə baş verən hadisələrlə bağlı müvafiq sənəd qəbul olunmalıdır".Deputat Fəzail Ağamalı qeyd edib ki, bu hadisə Kreml tərəfindən koordinasiya olunur: "Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün Rusiya hakim dairələri adi bir məişət hadisəsindən Azərbaycana qarşı istifadə etdilər".Deputat Qənirə Paşayeva də bu hadisəni pisləyərək, bunun Azərbaycana qarşı ciddi ayrı-seçkilik olduğunu vurğulayıb: "Bu, Rusiyanın özünə qarşı da ağır nəticələr verə bilər. Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupu bu məsələ ilə bağlı Rusiya Dövlət Duması ilə danışıqlara başlamalıdır".Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov Fazil Mustafanın çıxışı ilə razılaşmayıb. Vitse-spikerin sözlərinə görə, regionlarda təkcə parklar deyil, emal müəssisələri də açılır.Spiker Oqtay Əsədov isə bildirib ki, dostluq qrupu bu məsələ ilə məşğul olur: "Biz də artıq bu məsələnin üzərinə getməyə başlamışıq və iş gedir".
sia.az