PDF Oxu

Siyasət

  • 50

Xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır

Xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır

Prezident İlham Əliyev: "Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər"

Bu gün Azərbaycanda həyata keçirilən siyasət ölkə vətəndaşlarının yüksək rihaf içində yaşamasına və hüquqlarının tam təmin olunmasına xidmət edir. Bunu hər bir Azərbaycan vətəndaşı gündəlik həyat tərzində hiss edir və əyani şəkildə görür. Əlbəttə ki, belə bir atmosferin olması isə birbaşa olaraq, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amilinin durmasından asılıdır. Prezident İlham Əliyevin "Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir" deməsi də söylənilənlərə əyani sübutdur.

Əlbəttə ki, Azərbaycan dövlətinin uğurlarının təməlində, həmçinin, dövlət başçısının səmərəli kadr siyasəti dayanır. Bunun nəticəsidir ki, uğurlu kadrlar Azərbaycanın inkişafına töhfələr verir və ölkəmizin uğurlarının sayını artırır. Lakin bəzi hallarda, hətta dövlət başçısı tərəfindən belə etimad göstərilmiş bir sıra məmurlar öz missiyalarını unudurlar. Məhz bu unutqanlıq nəticəsində də əziyyət çəkən vətəndaş olur. Təbii ki, vətəndaşların haqsız yerə incidilməsi, süründürməçiliyə məruz qoyulması ən sonda özünün qiymətini alır. Bu isə vətəndaşların birbaşa olaraq, Azərbaycan dövlətinin başçısına müraciət etmələri əsasında baş tutur.

Bu, bir faktdır ki, Prezident İlham Əliyev qədər dünyada ikinci dövlət başçısı yoxdur ki, ölkə vətəndaşları ilə bu qədər çıx ünsiyyətdə olsun. Bu ünsiyyət həm Prezident İlham Əliyevin tez-tez vətəndaşların görüşlərinə getməsi, onları dinləməsi və mövcud problemlərin həllilə bağlı yerindəcə göstərişlər verməsi, həm də elektron məktubların, sosial şəbəkələrdə şikayətlərin qəbul edilməsi formasında baş tutur. Məhz müasir dövrün imkan verdiyi bütün şəraitdən istifadə edilməklə vətəndaşlarla maksimum şəkildə əlaqə qurulur, onlar dinlənilir. Elə bu cür vətəndaş-dövlət ünsiyyəti mexnizminin qurulması nəticəsində Prezident İlham Əliyev baş verən bütün mənfi hallar haqqında məlumat alır və vaxtında tədbirlər görür.

Prezident İlham Əliyev lazım bildiyi zamanda isə bu məsələni ictimailəşdirməklə, vətəndaşlara bir daha çatdırmaq istəyir ki, O, bütün insanların vəziyyətilə maraqlanır, onları qoruyur. Elə oktyabr ayının 19-da keçirilmiş andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha bildirib ki, məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır: "İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcəkdir. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir. Bu məsələlərə də xüsusi diqqət göstərilməlidir. Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".

Təbii ki, bu proses çərçivəsində ən əsas məsələlərdən birini də korrupsiyaya qarşı mübarizə təşkil edir ki, bununla əlaqədar olaraq, dövlət başçısı vurğulayıb ki, növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaqdır: "Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır".

Prezident böyük ümidlərinin, əlbəttə ki, elektron xidmətlərə olduğunu söyləyib: "Elektron hökumət" layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. "ASAN xidmət"in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır. Dövlət öz siyasətini aparacaqdır, ancaq eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır".

Təbii ki, inkar etmək olmaz ki, Azərbaycan ideal dövlətdir və burada məmur özbaşınalığı yoxdur. Əlbəttə ki, var və bu haqda məlumatlar da Prezident İlham Əliyevə bəllidir. Prezident İlham Əliyev özü də çıxışları zamanı deyib ki, məmur özbaşınalığı halları var: "Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz".

Prezident İlham Əliyev özbaşınalıq edən məmurları layiq olduqları şəkildə həm cəzalandırır, həm də tərbiyələndirir: "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən, ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir".

Əlbəttə ki, cəmiyyətdə etiraz doğuran hallardan biri də məhz məmurların təmtəraqlı toy, ad günləri və digər məclislər təşkil edirlər. Həmin məclislərlə xərclənən pullar, alınan hədiyyələr bəzi hallarda cəmiyyətdə mövcud olan sosial problemlərin həllinə dəstək ola bilər. Lakin məmurlar daha çox təmtəraqlı məclislərdə iştirak etməyi üstün tuturlar. Təbii, bunu bütün məmurlara aid etmək olmaz. Amma Azərbaycanın məmur korpusunda elələri var və məhz həmin şəxslərin bu cür vasitələrdən əl çəkməyi üçün Prezident İlham Əliyev əyani nümunə ortaya qoyub. Məhz öz ad gününü qaçqın və məcburi köçkünlərlə birgə qeyd edən Prezident İlham Əliyev bütün məmurlara vətəndaşlara qayğının əyani nümunəsini göstərib: "Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları". Hər bir Azərbaycan vətəndaşı dövlətinə və Prezidentinə inanır. Bir sözlə, Prezident İlham Əliyev bu gün Azərbaycanın bütün məmur korpusuna, vəzifəli şəxslərə nümunə olacaq bir şəxsiyyətdir. Düşünürük ki, hər bir məmur dövlət başçısının əməllərini özünə nümunə kimi götürsə, o zaman məmur özbaşınalığı, qudurğanlıq və s. problemlər yaşanmaz. Hər bir Azərbaycan vətəndaşı dövlətinə və Prezidentinə inanır, Onu dəstəkləyir. Əlbəttə ki, Prezident İlham Əliyev də buna qarşılıq olaraq, Onu Prezident seçmiş vətəndaşlarını müdafiə edir, qoruyur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər