Oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir.
2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul olunduqdan sonra DQİDK tədbirlər planı hazırlamışdır. Həmin tədbirlər planı çərçivəsində keçirilən simpozium "Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi" mövzusuna həsr olunmuşdur.
Simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətilik təriqəti, onların dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilmişdir.
Tədbirdə İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, UNESCO-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkəmizin Fransadakı səfirliyinin əməkdaşları, diaspora təmsilçiləri, mədəniyyət xadimləri iştirak etmişlər. Simpozium Azərbaycanda multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərindən bəhs edən "Tolerantlığın məkanı" adlı sənədli filmin nümayişi ilə başlamışdır.
DQİDK-nin sədri Elşad İskəndərov tədbiri açaraq Seyid Yəhya irsinin Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O demişdir ki, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. Bu ilin UNESCO tərəfindən "S.Y.Bakuvi ili" elan olunmasının da məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində ərsəyə gəlməsi bunun bariz nümunəsidir. S.Y.Bakuvi və onu şöhrətləndirdiyi xəlvətilik təriqətinin dünyaya bəxş etdiyi irs, həm dinlərarası tolerantlıq dünyagörüşünün, həm də məzhəblərarası çatışmaların qarşısının alınmasında, eləcə də dini radikalizmlə mübarizədə aktuallığını bu gün də itirməmişdir. Sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Abdulaziz Al-Nasser UNESCO tərəfindən 2013-cü ilin "Seyid Yəhya Bakuvi ili" kimi qeyd edilməsini əlamətdar hadisə adlandırmış və demişdir ki, onun irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı Bakıya səfərini xatırladan Nasser Abdulaziz Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində dövlətimizin davamlı fəaliyyətinin şahidi olduğunu diqqətə çatdırmışdır.
UNESCO-nun Mədəniyyətlərarası Dialoq Platformasının başçısı Katerina Stenou çıxışında bildirmişdir ki, Azərbaycanda dini dözümlülük sadəcə sözdə deyildir. Azərbaycan xalqı tarix boyu mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilmişdir.
Nüfuzlu alimlərin iştirakı ilə "Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik", "Azərbaycanda sufilik və Bakuvi irsi" adlı panellərdə işinə davam etmiş simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətilik təriqəti, onların dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilmişdir.
Günün sonunda tədbir iştirakçıları dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan – tolerantlıq məkanı" adlı fotosərgiyə baxmışlar.
Sərgini açan Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov demişdir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, UNESCO və DQİDK-nin dəstəyi ilə təşkil edilən sərgidə nümayiş etdirilən fotolar bütünlükdə ölkəmizdə tolerantlığı əks etdirir.
Elşad İskəndərov isə bildirmişdir ki, xalqımızın mütləq əksəriyyətinin iradəsi ilə prezident seçkilərində yenidən qalib gəlmiş İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqının ona etimad göstərməsinin səbəblərindən biri də xalqımızın milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələrinin Azərbaycan dövləti tərəfindən qorunması və təşviq edilməsidir. Prezident İlham Əliyevin "multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir" sözlərini xatırladan Komitə sədri bildirmişdir ki, bu gün burada ölkəmizdəki mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin keçirilməsi məhz Azərbaycan dövlətinin bu istiqamətdəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nasser Azərbaycan Prezidenti İlham Əliyevə mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın dünyada təşviqinə verdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, sərgidən də göründüyü kimi Azərbaycanda müxtəlif etnik qrupların dostluq və mehriban şəraitdə yaşamaları dünyanın digər ölkələri üçün bir örnəkdir.
Reza Deqati DQİDK və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı dünya gəncləri arasında ilə "Photolerance" adlı beynəlxalq foto müsabiqəsinə start verildiyini elan etmişdir. Bildirilmişdir ki, müsabiqə gənclər arasında fərqliliklərin aradan qaldırılması üçün dialoqun zəruriliyini və müxtəlifliyin bəşəriyyətin mədəni zənginliyinin nümunəsi olmasının dərk edilməsinə yönəlmişdir. Bütün dünyadan olan 18-25 yaşlarında gənclərin təqdim etdikləri fotolar dünyanın nüfuzlu mütəxəssislərindən və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçiləcəkdir. Qaliblər BMT Sivilizasiyalar Alyansının 2014-cü ildə keçiriləcək VI Qlobal Forumunda mükafatlandırılacaqlar.
"Azərbaycan – tolerantlıq məkanı" foto sərgisi salonda toplaşmış 500-dən artıq qonağın geniş marağına səbəb olmuşdur.
yap.org.az