"9 oktyabr prezident seçkiləri yenidən Azərbaycandakı demokratik inkişafın təntənəsini ortaya qoydu. Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı müdrik, rasional düşüncəlidir və öz iradəsini sərbəst şəkildə ortaya qoymağı bacarır. Bu səbəbdən də, seçki prosesində də, ondan sonra da Azərbaycanın uğurlarına sevinə bilməyən qüvvələrin reaksiyalarını da müşahidə etdik. Lakin istənilən halda yenə də gələcəyi xoşbəxt görmək istəyən Azərbaycan xalqı qalib gəldi". Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, bu il keçirilmiş prezident seçkilərində daha yüksək aktivlik müşahidə olunub: "Bu isə onunla əlaqədardır ki, artıq cəmiyyətimizdə siyasi şüur və siyasi mədəniyyət, ümumilikdə, seçki mədəniyyəti yüksələn xətlə inkişaf edir. Eyni zamanda, insanların sosial rifah halının yüksəlməsi və maddi gəlirlərinin artması, məişət problemlərinin azalması cəmiyyətə siyasi proseslərə olan marağı da artırır. Bu mənada cənab Prezident İlham Əliyevin ölkədə reallaşdırdığı demokratikləşmə prosesi öz bəhrəsini verməkdədir. Ümumən vətəndaş cəmiyyətinin inkişaf etməsi, vətəndaş-dövlət münasibətlərinin və ünsiyyətinin keyfiyyət baxımından yüksəlməsi, cəmiyyətdə dövlətə olan inamın artması konseptual olaraq, reallaşdırılan "Konsolidasiyalı demokratiyanın" bərqərar olmasını isbatlayır".Millət vəkili deyib ki, Azərbaycanın bu cür inkişafı heç də hər kəsi sevindirmir: "Biz hər zaman müşahidə etmişik ki, mühüm mədəni və ya ictimai-siyasi proseslər ərəfəsində Azərbaycana qarşı planlı "hücumlar" başlayır. Götürək elə 2012-ci ildə keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsini. Həmin ərəfədə anti-Azərbaycançı dairələr total şəkildə ölkəmizə qarşı hərəkətə keçmişdilər. Bu il isə prezident seçkiləri dönəmində bu hücumları təkrarlamağa cəhdlər göstərdilər. Bütün bunların hamısı isə Azərbaycanın radikal müxalifəti vasitəsilə reallaşdırıldı. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun subyektiv və qərəzli fikirlərdən ibarət hesabatını qeyd etmək istəyirəm. Hesabata diqqətlə baxdıqda görərik ki, bu, əvvəlcədən hazırlanmışdı. Necə ola bilər ki, Ermənistanda prezident seçkilərində namizədi güllələdilər, lakin bu, heç bir hesabatda öz əksini tapmadı. Amma Azərbaycanda sübutu olmayan hallar hesabat şəklində təqdim olundu? Bütün bunların bir adı var: ikili standartlar. Ona görə də, düşünürəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlığa yenidən baxılmalıdır. Onsuzda Avropanın özündə belə bu təsisata etimad itib. Onunla əməkdaşlığı dayandırmaq daha məqsədə uyğun olardı".Sədaqət Vəliyeva digər bir məqamı da diqqətə çatdırıb: "Bu, Azərbaycanın strateji partnyoru olan ABŞ-ın seçki prosesi zamanı ortaya qoyduğu mövqe ilə bağlıdır. Birmənalı şəkildə demək lazımdır ki, ABŞ-ın ikistandartlı mövqeyi Azərbaycanla olan əməkdaşlıq münasibətlərinin ruhuna uyğun deyil. Çox təəssüf hissilə demək istəyirəm ki, hələ də ABŞ-da ermənipərəst qüvvələr dövlət strukturlarına təsir edə və bunu Azərbaycana qarşı çevirə bilirlər. Seçkiöncəsi ABŞ-da səfərdə olmuş AXCP-nin nümayəndələrinə "15 faiz siz edin, qalan 85 faiz bizlikdir" deyilməsini Azərbaycan xalqı necə qəbul etməlidir?".Deputat əlavə edib ki, 9 oktyabr seçkilərindən sonra bütün dünya gördü ki, Azərbaycanda xalq-iqtidar birliyi var, xalqın iradəsi hər şeydən üstündür: "Düşünürəm ki, bundan sonra Azərbaycana qarşı subyektiv hərəktlər etməyə çalışan qüvvələr ilk olaraq, bu faktı nəzərə alacaqlar".
sia.az