"Rəy" Monitorinq Mərkəzi "Azadlıq" qəzeti tərəfindən "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğularda qalib elan olunmasını cəfəngiyyat olduğunu hesab edir". SİA-nın məlumatına görə, Rəy monitorinq mərkəzinin sosioloqu Əli Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, müxalifət hakimiyyət uğrunda yalan danışmaqla mübarizə aparmamalıdır: "Oktyabrın 8-də - seçki məntəqələrinin açılmasına 10 saat qalmış "Azadlıq" qəzeti öz veb-saytında "Facebook" sosial şəbəkəsinə istinadən "Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi" sərlövhəli xəbər dərc edib. Qəzetin yazdığına görə, Gallup və CNN guya Azərbaycanda ictimai rəy sorğusu keçirib və hər iki sorğuda "Milli Şura"nın namizədi Cəmil Həsənli "ilder" göstərilib. "Azadlıq" qəzeti iddia edirdi ki, bu məlumatlar Gallup təşkilatının səhifəsində (Gallup World, Caucasus Election Watch) və "CNN politics"in saytında yayılıb. Məsələn, seçkidən cəmi 1 ay əvvəl İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin (the European Centre for Survey Research-ECSR) Azərbaycanda 1550 nəfər arasında keçirdiyi sorğunun nəticələri göstərib ki, seçkiyə qatılanların 88,7%-i öz səsini prezident İlham Əliyevə verəcək". Ə. Əliyev deyib ki, bu sorğu, əslində bundan əvvəl Azərbaycanın "Rəy" Monitorinq Mərkəzi, Amerikanın "Arthur J. Finkelstein & Associates" (AJF) təşkilatı, bir sıra yerli və xarici KİV tərəfindən həyata keçirilmiş sorğuların nəticələrinin bir daha təsdiq edir: "Belə olan halda, seçki günü Gallup kimi nüfuzlu təşkilatın tamam fərqli nəticələr ortaya qoyması diqqəti cəlb etməyə bilməzdi".Ə.Əliyev deyib ki, yalan məlumat yayan qəzetdən konkret cavab ala bilmədiyi üçün adıçəkilən mənbələrin saytlarına nəzər yetirib: "Mənə məlum olub ki, CNN-in saytında Azərbaycanda keçirilən seçkilərlə bağlı dərc olunan yeganə sorğu Azərbaycanın "Rəy" Monitorinq Mərkəzinin sentyabrın 22-də keçirdiyi tədqiqatın nəticəsidir. Həmin sorğuda da respondentlərin 81,2%-i İ.Əliyevə səs verəcəyini bildirib. O ki qaldı Gallup-a, sorğu göndərdiyim təşkilatın mətbuat xidmətinin rəhbəri Stefani Holqado (Stephanie Holgado) bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycandakı prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirməyib". Sosioloq əlavə edib ki, "Azadlıq" qəzetinin "uğuru" da var: "İndiyədək "yerli səviyyədə" yalan və qeybət yaymaqla məşğul olan "Azadlıq" artıq yalanlarını Gellap, CNN, ATƏT mühahidə missiyasının rəhbərinin adından yayırsa, bu qəzeti yalnız təbrik edə bilərik – deyəsən, "Azadlıq" artıq "beynəlxalq miqyasa" çıxır".
sia.az