PDF Oxu

Siyasət

  • 38

"Qızıl onillik-2003-2013"

"Qızıl onillik-2003-2013"

İlham Əliyev: "İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli birmənalı siyasət, milli maraqlarımızın qorunması - bu amillər bizi problemlərdən qoruya bildi"

Məlum olduğu kimi, yenidən Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə andiçmə mərasimi keçirilmişdir. Bu mərasimdə Cənab Prezidentin çıxışı son dərəcə strateji əhəmiyyət kəsb edərək, bir çox aspektdən təhlil olunmalıdır.

İlkin olaraq onu qeyd etməliyəm ki, Prezident İlham Əliyevin "qızıl onillik" adlandırılan 2003-2013-cü illər hakimiyyəti dövrünə nəzər yetirdikdə ciddi şəkildə onun Azərbaycanda "ictimai mühəndilsik" proqramlarını həyata keçirdiyinə şahid oluruq. Hal-hazırda sosial fəlsəfə və sosiologiya sahəsində bu termin ciddi müzakirələrə səbəb olur və ictimai-sosial inkişafı izah edən konsepsiyaları əhatə edir. Məhz belə elmi konsepsiyalar ilə Cənab Prezidentin son onillik fəaliyyətini qiymətləndirmək yerində olar.

Təsadüfi deyil ki, Cənab Prezidentin onillik fəaliyyəti dövründə Azərbaycanda həyata keçirilən quruculuq işlərini və inkişafını yüksək səviyyədə reallaşdırmışdır. Dövlət başçımız iqtisadiyyatda şaxələndirlmiş iqtisadiyyat strategiyasını, sosial sferada isə ədalətli bölgü prinsipini tətbiq etmişdir. Qızıl onillik adlandırılan dövrə nəzər saldıqda, bu iki prinsipə sadiq qalınaraq, inkişaf tempinin sürətlə getdiyinə şahid oluruq. Həqiqətən də Cənab Prezidentin aşağıda qeyd edəcəyimiz fikirləri Azərbaycanın hər bir vətandaşının ciddi şəkildə başa düşüb prinsip olaraq qəbul etməsi vacib olan tezislərdəndir: "Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Bu layihələrin icrası üçün Azərbaycan həlledici sözə malikdir. Bizim təşəbbüslərimiz və ardıcıl siyasət, müstəqil siyasət, bax, bu reallıqları yaradır. Bu reallıqlar Azərbaycan dövlətinə və xalqına bundan sonra xidmət edəcək, bizim iqtisadi müstəqilliyimizi təmin edəcəkdir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. O ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır ".

Daxili və xarici siyasətin uğurlu vəhdəti

Cənab Prezidentin bu onillikdəki həm daxili, həm də xarici siyasətinə baxdıqda burada bir vəhdət, sintez mahiyyətli münasibətlər sezmək mümkündür. Belə ki, bu sahədəki düşünülmüş siyasət nəticəsində beynəlxalq iqtisadi və siyasət imkanları çoxalmışdır. Məhz əldə olunan gəlirlər sayəsində daxili iqtisadiyyatda şaxələndirilmə strategiyasının və vətandaşlar üçün ədalətli dövlət qayğısının tətbiqi bu fikirlərin təsdiqini təşkil edir. Cənab Prezident özünün andiçmə mərasimində bunu analitik şəkildə belə izah edir: "Ancaq bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik edir və son iki il ərzində biz bu təşkilatda öz prinsipial mövqeyimizlə, ədalətli addımlarımızla və beynəlxalq hüquqa olan hörmətimizlə daha da böyük nüfuz qazana bilmişik. Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaqdır... Əsas uğurlarımızın səbəbi düşünülmüş siyasətdədir. Burada müstəqil xarici siyasət öz rolunu oynayır. Cəsarətli siyasətimiz uğurlarımızı şərtləndirə bilib. Bütün beynəlxalq aparıcı qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirir və öz reytinqlərində yüksək yerlərə layiq görürlər. Dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb. Bu, Azərbaycanda iqtisadi sahədə aparılan ciddi islahatların nəticəsidir. Bu islahatlar davam etdiriləcəkdir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, eyni zamanda, biz öz daxili bazarımızı qoruyuruq və qoruyacağıq. Biz daxili istehsalçılara daha da əlverişli şərait yaradırıq və yaradacağıq".

Cənab Prezidentin bu və ya digər çıxışlarında bütün sahələrdən əldə olunan gəlirlərin insan kapitalı istiqamətində istifadə olunmasının vacibliyi vurğulanmaqdadır. Məhz bu dövlət başçımız tərəfindən Azərbaycanda həyata keçirilən "ictimai mühəndisliyin" əyani sübutlarındadır. Bu ictimai mühəndilsik konsepsiyası, əlbəttə, Ümummilli Lider Heydər Əliyevin bizlərə irs olaraq qoyub getdiyi siyasi kurs nəticəsində həyata keçirilir. Məhz qızıl onillik adlandırılan bu dövrdə layiqli davamçı Cənab İlham Əliyev bu siyasi-iqtisadi kursa sadiq qalaraq icraatlar həyata keçirmişdir. Bu fəaliyyətlər nəticəsində Azərbaycan qlobal arenada öz yerini tutmuş və regionda ən güclü dövlət statusunu almışdır. Cənab Prezidentin bütün bu uğurları müstəqillik kontekstində qeyd etməsi ciddi arqumentlərdən birini təşkil edir: "Çəkimiz artdıqca, əlbəttə ki, imkanlarımız da genişlənəcək və bundan sonra heç kimin ağlına gəlməyəcək ki, hansısa məsələdə Azərbaycanı kənara qoyub öz problemlərini həll etmək mümkün olsun. Heç kimin ağlına bundan sonra gəlməyəcək ki, Azərbaycanı hansısa layihədən təcrid etmək mümkün olacaqdır. Bu gün Azərbaycanın birmənalı siyasəti - cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir. Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".

Nəticədə Cənab İlham Əliyevin "qızıl onillik" 2003-2013 olaraq qiymətləndirilən uğurlu hakimiyyət dövrü tariximizin ciddi və səmərəli səhifələrini təşkil edir və edəcəkdir.

Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər