"Avropa Parlamentinin ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı ikili mövqeyini anlamaq böyük istedad tələb etmir. Bu təşkilatın belə qərəzli yanaşmalarını əvvəllər də görmüşük". Bu fikirləri Milli Məclisin deputatı Rafael Cəbrayılov deyib.
R.Cəbrayılov bildirib ki, istər "Eurovision-2012" ərəfəsində olsun, istərsə də digər zamanlarda bu qurum Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı əsassız sənədlər qəbul edib. Onun sözlərinə görə, son qərar da yalnız çirkli siyasətə xidmət edən bir məsələdir.
"Avropa Parlamentində ümumiyyətlə, kvorum deyilən bir məsələ yoxdur. 750-dən çox deputatın heç 10 faizi də iclaslara toplaşmır. Onlar da qurum adından qərar qəbul edirlər. Belə çıxır ki, 10-15 nəfər yığılıb bir yerə qərar qəbul edə bilərlər. Ona görə də mən onların seçkilərlə bağlı qərarını ciddi hesab etmirəm"- deyə, deputat qeyd edib.
yap.org.az