PDF Oxu

Siyasət

  • 32

Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas prinsiplərindəndir

Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas prinsiplərindəndir

İlham Əliyev: "Azərbaycanda korrupsiya olmamalıdır"

Məlum olduğu kimi, son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılır. Qanunvericiliyin tələblərinə uyğun Prezident İlham Əliyevin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müasir tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla da sıx əlaqə saxlayır və bir çox konvensiya və beynəlxalq sənədlərə imza atıb. Məsələn, Azərbaycan korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqi məqsədilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi çıxış edir. Həmçinin, 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biridir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirləri müəyyən edir.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi öz səmərəsini verir. Artıq uğurla vətəndaşlara xidmət göstərən "ASAN - Xidmət" mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı Fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilir. Sözügedən sənəddə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verdiyi xüsusilə vurğulanıb və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi qeyd olunub.

Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələnin həllində daha ciddi addımların atılmasının vacibliyini bildirib: "Azərbaycanda korrupsiya olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaq".

Dövləğ başçısı onu da qeyd edib ki, korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə var: "Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər, artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarıb. Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda keçirilən sorğularda cəmiyyətdə bu məsələylə bağlı münasibəti öyrənərək yəqin ediblər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində dövlətin siyasəti cəmiyyətdə dəstəklənir və təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə də belə olacaq. Çünki bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyillər var. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun".

Göründüyü kimi, bu gün ölkədə bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə də davamlı və sərt şəkildə aparılmaqdadır. Bu faktor isə bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, qısa zaman kəsimində bu bəlanın kökü ölkədə tamamilə kəsiləcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər