"Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi vacib şərtlərdən biridir. Çünki, siyasi partiyalar dövlətin səmərəli fəaliyyətində, demokratiyanın güclənməsində cəmiyyətin formalaşmasında böyük rol oynanırlar". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Dövlət büdcəsindən çoxpartiyalı sistemin inkişafına vəsaitin ayrılmasına münasibət bildirərkən deyib.O bildirib ki, Partiyaların zəhməti dövlət tərəfindən dəyərləndirilməlidir. Onun sözlərinə görə, siyasi partiyalar dövləti idarə edən komanda formalaşdırır: "Bu baxımdan onların maliyyələşdirilməsi siyasi əhəmiyyət daşıyır. Bütün dunya praktikasında seçkilərdə müəyyən nəticə əldə edən partiyalar maliyyələşir Azərbaycanda isə minimum 3 faiz səs toplayan partiyalar da dövlət büdcəsindən maliyyələşməyə namizəd oldular".Prosesin ötən ildən başlandığını qeyd edən millət vəkili vurğulayıb ki, dövlət büdcəsinin məbləği artdıqca, partiyalara ayrılan vəsaitin də miqdarı artırılacaq: "Belə bir qərarın qəbul olunması ölkəmizdə partiyalara eyni yanaşma tərzini ortaya qoyur. Bu xərclər partiyaların kommunal xərclərinin ödənilməsi və müəyyən aparat saxlamasına kömək edəcək. Gələcəkdə ola bilər ki, həm məbləğ artırılsın, həm də müəyyən kriteriyalara dəyişikliklər edilsin".Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsi layihəsində siyasi partiyalara 2 592 500 manat vəsait ayrılması nəzərdə tutulur. Bu isə bu il ayrılmış vəsaitdən 3,7% çoxdur.
sia.az