PDF Oxu

Siyasət

  • 20

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilmişdir

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilmişdir

Oktyabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin iclası keçirilmişdir.

İclasda komitə sədri Eldar İbrahimov gündəlikdə duran "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat vermişdir.

Komitə sədri bildirmişdir ki, Qanunda dəyişikliklərin edilməsində əsas məqsəd Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirməkdən ibarətdir. O, demişdir ki, 2014-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsulları istehsalçıları Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilirlər. E.İbrahimov diqqətə çatdırmışdır ki, dəyişikliklərə əsasən "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci və 2-ci maddələrində "2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətində" sözləri "2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətində" sözləri ilə əvəz olunacaqdır.

Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov bildirmişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin tətbiqi 2001-ci ildən başlamış və 13 ildir davam edir. Bunun tətbiqi indiyədək 1,4 milyard manat vəsaitin fermerlərdə qalmasına və həmin vəsaitin istehsalın inkişafına yönəldilməsinə imkan vermişdir. Nəticədə istehsalın həcmi 4,4 dəfə artaraq 2001-ci ildəki 1,2 milyard manatdan 2012-ci ildə 4,8 milyard manata çatmışdır. O demişdir: "Azərbaycan yeganə ölkədir ki, 13 ildə kənd təsərrüfatının ümumi istehsalında daim dinamik inkişaf əldə edilmiş, bir dəfə də olsun geriləmə müşahidə edilməmişdir".

Qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.

yap.org.az

Digər xəbərlər