Eltun İbrahimov: "Bu gün Azərbaycan gəncliyi cəmiyyətin aparıcı hissəsidir"
Azərbaycanda gənclərə dövlətin göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir. Bu, danılmaz faktdır. Məhz bu qayğının nəticəsidir ki, gənclər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük uğurlar qazanmışlar. Azərbaycan gəncliyi dövlətin ona göstərdiyi diqqət və qayğını hər zaman yüksək qiymətləndirir və buna layiq olmağa çalışır. Müsahiblərimiz olan gənclər də dövlətin gənclər siyasəti ilə bağlı öz fikirlərini bizimlə bölüşür:
Zəkiyyə Musayeva,
YAP Suraxanı rayon gənclər birliyinin sədri:
- Müasir gəncliyin məsuliyyəti böyükdür. Müstəqil Azərbaycanımızı göz bəbəyi kimi qorumaq və onun müstəqilliyinin əbədi olmasını təmin etmək. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı olan intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla bərabər beynəlxalq miqyasda da uğurları sıralayırlar. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Gənclər artıq müşahidəçi qismindən çıxaraq, birbaşa proseslərin iştirakçısına çevriliblər. Heç şübhəsiz ki, ölkədə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapıb.Düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib.
Eltun İbrahimov,
Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi:
- Bu gün Azərbaycan gəncliyi cəmiyyətin aparıcı hissəsidir. Azərbaycan dünyada gənclərin cəmiyyətdə çoxluq təşkil etdiyi az qisim ölkələrdəndir. Azərbaycan gəncliyinin inkişafı, onun milli maraqlar üzərində, dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə sadiq şəkildə inkişafı bu gün dövlətimizin qarşısında duran prioritet istiqamətlərdəndir. Bilirsiniz ki, qəbul edilmiş Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bu siyasətin əsası hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün bu məqsədyönlü, gənclərin inkişafına istiqamətlənmiş siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, dövlət-gənclər siyasətinin reallaşdırılması üçün dövlət səviyyəsində kompleks işlər həyata keçirilir.
Anar Xəlilov,
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri:
- Bu gün ölkədə əsas diqqətin ayrıldığı sahələrdən biri də gənclərin inkişafı və onlara diqqət və qayğıdır. Cənab Prezidentin gənclərlə bağlı imzaladığı qanun və dövlət proqramlarını yadımıza salsaq, görərik ki, bütün bunlar müasir gəncliyin inkişafına yönəlib. Bu gün idmana və elmə göstərilən dövlət qayğısı da bilavasitə gənclərə hesablanıb desək, yanılmarıq. Gənclərimiz də demək olar ki, bu gün bütün sahələrdə öz sözlərini əzmlə deməkdədirlər. Xaricdə təhsillə bağlı Dövlət Proqramından bu gün minlərlə gənclərimiz yararlanır. Xaricdə təhsil almaqları ilə yanaşı, sevindirici haldır ki, onlar diasporamızla sıx əlaqə saxlayaraq, Azərbaycanın dünyada tanıdılmasına öz töhfələrini verirlər. İdmanda bu gün gənclərimiz böyük uğurlara imza atır. Yaradıcı gənclərimizin əsərləri artıq beynəlxalq sərgi salonlarını bəzəyir. İctimai sektorda gənclər təşkilatlarına göstərilən dəstək artıq gənclər təşkilatlarının sayını hər il artırır. Misal olaraq Gənclər Fondunun yaradılmasını göstərmək olar. Artıq gənclər təşkilatları bu gün beynəlxalq səviyyəli layihələrdə uğurlar qazanır. Gənclər təşkilatları beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə təşkilatçılığı ilə seçilir. Elm sahəsində də gənc alimlərimizin ötən dövrlərə nisbətən sayında artım nümayiş olunur. Artıq biz biznes sahəsində uğur qazanan gənc sahibkarlarımızın adlarını eşidirik. Bütün bu nailiyyətlərin fonunda demək olar ki, dövlətin gənclərimizə göstərdiyi qayğının nəticəsi olaraq gənclərimiz etimadı doğruldurlar. Mən inanıram ki, Azərbaycan gəncliyi öz intellekti və bacarığı ilə daim dövlətçiliyimizin inkişafında yardımçı olacaq.
Cahid Süleymanov