Ramiz Mehdiyev: "Hesab edirəm ki, Dövlət Departamentindəki bəzi məmurlar bu cür uzaqgörməz hərəkətləri ilə, o cümlədən AŞPA-nın Avropa Parlamentinin mövqelərinə təzyiq göstərmək cəhdləri ilə ABŞ və Azərbaycan arasında mövcud tərəfdaşlığa ziyan vururlar "
Bəlli olduğu kimi, 9 oktyabrda Azərbaycanda prezident seçkilərindən sonra beynəlxalq qurumlar, seçkiləri müşahidə missiyaları, eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in Parlament Assambleyasının müşahidə missiyaları prosesi şəffaf və azad seçkilər kimi qiymətləndirdi. Lakin təəssüfedici məqamlardan biri də budur ki, bu kimi çoxsaylı rəylər qarşılığında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), eləcə də ABŞ Dövlət Departamentinin əsassız və qərəzli bəyanatları özündə bir sıra qaranlıq məqamları ehtiva etmiş oldu. Belə ki, həmin məqamlardan biri də ABŞ tərəfinin ATƏT DTİHB-nin hesabatının beynəlxalq strukturlar tərəfindən qəbul edilməsi tələbi oldu. Görünür, bu səbəbdəndir ki, hazırda Dövlət Departamenti ABŞ-ın ATƏT-dəki missiyası vasitəsilə AŞPA-nın Azərbaycanda seçkilərə verdiyi yüksək rəyi ilə razılaşmaması barədə bəyanatla çıxış edir. Söz yox ki, ortada daha bir neçə nüanslar mövcuddur və həmin nüansları təhlil edərkən, ilginc məsələlər ortaya çıxır.
"İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin suallarının cavablandırarkən, bu və bu kimi digər məsələləri təhlil edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, ilk növbədə, müsbət məqamları nəzərdə tutmaq lazımdır: "Avropa Parlamentinin qətnaməsində göstərilir ki, Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və onun sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən qətnamələrinə müvafiq surətdə həll edilməlidir. Bu qətnamə Azərbaycan torpaqlarının işğalı məsələsinə Avropanın bəzi strukturlarının ciddi yanaşması barədə danışmağa imkan verir. Bu, münaqişənin səbəblərini təhrif etmək və başqa dövlətin ərazisinin işğal edilməsi faktına haqq qazandırmaq cəhdinə əsaslanan Ermənistan xarici siyasətinin iflasına daha bir sübutdur."
"Asanlıqla görmək olar ki, Avropanın maliyyə və iqtisadi böhranı genişlənərək sosial və demokratik böhrana çevrilmişdir"
Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqindəki "Dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır" bəyanatını xatırladan Ramiz Mehdiyev, eyni zamanda qeyd etmişdir ki, bütövlükdə obyektiv olan bu addımla yanaşı, Azərbaycan tərəfi Avropa siyasətində müəyyən prinsiplərlə bağlı ziddiyyət müşahidə edir: "Halbuki Avropanın siyasi məkanında bir sıra dövlətlərarası siyasi qurumlar məhz həmin prinsiplərin təntənəsi naminə yaradılmışdır. Asanlıqla görmək olar ki, Avropanın maliyyə və iqtisadi böhranı genişlənərək sosial və demokratik böhrana çevrilmişdir. Bütövlükdə Aİ-yə etimad böhranının get-gedə artması, onun siyasi hadisələrə münasibətində qeyri-adekvatlıq, müstəqil oriyentasiyanın itirilməsi və s. hallar məhz bununla bağlıdır."
"Hələ seçkilərdən əvvəl bizə məlum olmuşdu ki, ATƏT PA kənardan göstərilən təzyiq altında Azərbaycana müşahidəçilər göndərməkdən tamamilə cəfəng bir bəhanə ilə imtina etməyə məcbur olmuşdur"
Məhz bu kimi məsələləri analiz edərkən ATƏT DTİHB-nin, ABŞ Dövlət Departamenti nümayəndələrinin ölkəmizdə keçirilən seçkilər barədə qərəz nümayiş etdirdiklərini vurğulayan Prezident Adminstrasiyasının rəhbəri bildirib ki, əslində, belə qərəzlərin olacağı hələ seçkilərdən öncə də məlum idi: "Hələ seçkilərdən əvvəl bizə məlum olmuşdu ki, ATƏT PA kənardan göstərilən təzyiq altında Azərbaycana müşahidəçilər göndərməkdən tamamilə cəfəng bir bəhanə ilə imtina etməyə məcbur olmuşdur. Sonradan Azərbaycan tərəfinin dəfələrlə müraciətindən sonra ATƏT PA-nın müşahidəçiləri seçkilərdə iştirak etmiş və seçki prosesinin təşkilini yüksək qiymətləndirmişlər. Avropa parlamentarilərinin fikrincə, seçkilər şəffaf və ədalətli keçmiş, ölkənin demokratikləşmə məcrasında daha bir addım atmasının göstəricisi olmuşdur."
Eyni zamanda, daha bir amil nəzərdən yayınmır ki, bir sıra avropalı siyasilər bu gün ABÇ-dakı müəyyən qüvvələr tərəfindən təzyiq altında saxlanılmaqdadırlar. Belə qüvvələr isə bilavasitə ABŞ və Azərbaycan qarşısında mövcud olan tərəfdaşlığa kölgə salmağa cəhd edirlər:"Avropalı siyasi xadimlərin necə mürəkkəb vəziyyətə düşməsini, onlara Vaşinqtondakı müəyyən dairələr tərəfindən təzyiq göstərilməsini başa düşürük. Lakin bu, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlara haqq qazandırmır. Hesab edirəm ki, Dövlət Departamentindəki bəzi məmurlar bu cür uzaqgörməz hərəkətləri ilə, o cümlədən AŞPA-nın Avropa Parlamentinin mövqelərinə təzyiq göstərmək cəhdləri ilə ABŞ və Azərbaycan arasında mövcud tərəfdaşlığa ziyan vururlar."
"Belə çıxır ki, Avropa İttifaqının üzvü olan ölkələrlə Azərbaycanın tərəfdaşlıq və əməkdaşlığının səviyyəsi ABŞ Dövlət Departamentində müəyyən dairələrin şıltaqlıqlarından asılı olmalıdır"
Ramiz Mehdiyev həmçinin nüfuzlu Avropa siyasi xadimlərinin, diplomatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı gəldikləri yüksək qənaətlərinə də toxunub və haqlı şəkildə irad bildirib ki, belə olan halda ABŞ-ın müəyyən dairələrinin qərəz nümayiş etdirmələri, bəzi qüvvələrə lobbiçilik etmələrini sakitliklə seyr etmək olmaz: "ATƏT PA müşahidə missiyasının rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Parlamenti missiyasının başçısı Pino Arlakki, habelə Avropa İttifaqının missiyası və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda keçirilmiş seçkilərə müsbət qiymət verdikləri halda, Amerika tərəfinin Azərbaycanın demokratik inkişafında prezident seçkiləri kimi mühüm bir mərhələni təhrif edən açıq-aşkar yalan mövqelər irəli sürməsini və bu mövqelərə lobbiçilik etməsini necə sakit seyr etmək olar."
Kənardan diktə ilə Avropa strukturlarının öz mövqelərini məcburi dəyişməsinin dərin təəssüf doğurduğunu bildirən Prezident Adminstrasiyasının rəhbəri ilginc məqama toxunaraq qeyd edib: "Belə çıxır ki, Avropa İttifaqının üzvü olan ölkələrlə Azərbaycanın tərəfdaşlıq və əməkdaşlığının səviyyəsi ABŞ Dövlət Departamentində müəyyən dairələrin şıltaqlıqlarından asılı olmalıdır. Bu, həm də onda özünü göstərir ki, Vaşinqtondakı ayrı-ayrı məmurlar azlığın (ATƏT DTİHB və ABŞ Dövlət Departamentinin) fikrini çoxluğa (ATƏT, Avropa Parlamenti və AŞPA-ya) zorla qəbul etdirmək cəhdlərindən əl çəkmirlər, hətta çoxluğun Azərbaycanda seçki prosesinin sərbəst və şəffaf olmasını, bu sahədə müsbət irəliləyişləri yekdilliklə qeyd etməsinə baxmayaraq, heç yerdə, o cümlədən Qərbdə də ideal seçkilər yoxdur. Lakin kimlərinsə əsassız və subyektiv mövqelərindən çıxış edərək faktların şişirdilməsi və ya qərəzli şəkildə təhrif edilməsi tamamilə qəbuledilməzdir."
"ABŞ-da bəzi siyasi dairələr Azərbaycanı təcrid etmək fikrindən hələ əl çəkməmişlər"
Belə qərəzli bəyanatların Amerika müşahidə missiyalarının mövqeyinə də zidd olduğunu deyən Ramiz Mehdiyev xatırladıb ki, Azərbaycandakı seçkiləri təkcə ABŞ-dan 123 nəfər müşahidə edib: "Nüfuzlu amerikalı müşahidəçilər, bir sıra konqresmenlər və senatorlar 2013-cü ilin oktyabrında keçirilmiş seçkilərin gedişatında Azərbaycanın nail olduğu tərəqqini alqışlamışlar. Buna baxmayaraq, ABŞ Dövlət Departamentinin və ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycanda prezident seçkilərinə dair mövqeyi, yumşaq desək, anlaşılmazlığa səbəb olur. ABŞ-da bəzi siyasi dairələr Azərbaycanı təcrid etmək fikrindən hələ əl çəkməmişlər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşmüşlər. Buna görə də onlar öz planlarına bir təhər haqq qazandırmaq üçün Avropa Parlamentinə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara təzyiq göstərir, onları Azərbaycanda seçkilərin nəticələri barədə müsbət qiymətdən imtina etməyə vadar edirlər. Lakin başa düşmürlər ki, hətta onların özlərinin əvvəlki rəylərindən imtina etməsi də heç nəyi dəyişmir."
"Azərbaycan hakimiyyəti bundan sonra da mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə ciddi əməl edəcək"
Dövlət və hökumət başçılarının böyük əksəriyyətinin şəxsində dünya ictimaiyyətinin Prezident İlham Əliyevi 2013-cü ilin oktyabr ayında prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdiyini də önəmli hadisə kimi qiymətləndirən PA rəhbəri bildirib ki, məhz bu amil beynəlxalq təşkilatlardan öz maraqlarını reallaşdırmaq məqsədilə ayrı-ayrı dövlətlərə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyi qaydaya çevirmiş qüvvələrin ciddi siyasi məğlubiyyətidir. Belə ki, həmin qərəzli qüvvələr anlamalıdırlar ki, təzyiq metodu kimi ikili standartlar siyasəti artıq onlara siyasi dividendlər gətirmir: "Əksinə, bu siyasət özlərinin dünya siyasətində birinci dərəcəli rolundan hələ də sərbəst olanlara zərər vurur."
Son olaraq Azərbaycan tərəfinin avropalı tərəfdaşları ilə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayan Ramiz Mehdiyev əlavə olaraq qeyd edib ki, Azərbaycan hakimiyyəti bundan sonra da mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə ciddi əməl edəcək.
Rövşən NURƏDDİNOĞLU